– Yaponiya siyasətçisi və Yaponiya Sosialist Partiyasının əsas liderlərindən biri. O, Yaponiya Nümayəndələr Palatasının ilk qadın spikeri və Yaponiyada əsas siyasi partiyalardan birinə başçılıq edən ilk qadın siyasətçi olmuşdur.
İlk illəri Takako Doi 1928-ci ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Atası həkim, anası məktəb müəllimi idi. İkinci Dünya müharibəsi zamanı yaralı bir şəxsin qolunun kəsilməsində atasına kömək etdikdən sonra pasifist olmağa qərar vermişdir. 1955-ci ildə Doşişa Universitetindən konstitusiya hüququ ixtisası üzrə məzun olmuş, daha sonra universitetin professoru olmuşdur.
Siyasi karyerası 1969-cu ildə Hyoqo prefekturasının 2 saylı seçki dairəsindən Yaponiya parlamentinin Nümayəndələr Palatasına seçilmişdir. Parlament deputatı olduğu müddət ərzində ot kökləri hərəkatında iştirak edərək Yaponiya konstitusiyasını və qadınlarını müdafiə etmişdir.
1986-cı ildə Yaponiya Sosialist Partiyası Doini partiya sədri seçmişdir. Beləliklə, Doi Yaponiyada əsas partiyalardan birinin rəhbəri olan ilk qadın siyasətçi olmuşdur. Hökumətin Körfəz müharibəsi strategiyasına qarşı müxalifliyi uğursuz olduğu üçün 1991-ci ildə partiya sədrliyindən ayrılmışdır. 1993-cü ildə Yaponiya Nümayəndələr Palatasının ilk qadın spikeri seçilmiş və müasir Yaponiyada tarixində ən yüksək siyasi mövqe əldə etmiş qadın olmuşdur. 1996-cı ildə Tomiiçi Moriyamanı əvəz edərək Yaponiya Sosial Demokratik Partiyasının sədri seçilmiş və 2003-cü ilə qədər bu vəzifəni tutmuşdur. Doi partiyanı nüvə enerjisi və milli müdafiə kimi məsələlərə yaxınlaşdırmağa çalışmışdır.
Doinin seçicilər arasındakı populyarlığı "Doi bumu" ifadəsinin yaranmasına səbəb olmuşdur. Yaponiya Liberal Demokratik Partiyasının parlamentdə çoxluğu itirməsi haqqında dediyi "dağ yerindən tərpəndi" və istehlak vergisinin təqdim olunması barədə dediyi "qəbulolunmaz şey qəbulolunmazdır" kimi sözləri deyimə çevrilmişdir. 2003-cü ildə keçirilmiş seçkilərdə partiyasının məğlub olmasından sonra partiya sədrliyindən istefa vermişdir. 2005-ci ildə keçirilmiş seçkilərdə yerini itirdikdən sonra siyasi səhnədən çəkilsə də, konstitusiya islahatına qarşı olmağa, eləcə də, pasifizm və feminizmi dəstəkləməyə davam etmişdir.
Ölümü Doi 20 sentyabr 2014-cü ildə ağciyər iltihabı səbəbilə xəstəxanada ölmüşdür.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya sosialistləri Kateqoriya:Yaponiyada ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Yaponiya pasifistləri Kateqoriya:Yaponiyanın qadın siyasətçiləri