Hüseyn Rəhmi Gurpınar () — türk yazıçı, publisist.
Həyatı O, 17 avqust 1864-cü ildə padşahın yavəri Mehmed Səid paşa və Ayşə Sidiqə xanımın ailəsində İstanbulda Ayaspaşada dünyaya gəlmişdir. Kiçik yaşlarında anasını vərəm xəstəliyindən itirən Hüseyn Rəhmi bir müddət Giritdə atasının yanında qalıb, ilk təhsilinə burada başlasa da, atası evləndikdən sonra ana nənəsinin yanına İstanbula qayıtmışdır. O, burada Ağsarayda Yaqubağa məhəlləsində nənəsi və xalalarının yanında böyümüşdür. Burada Yaqubağa (Ağayoxuşu) məhəllə məktəbində, daha sonra Mahmudiyyə Rüşdiyyəsində təhsil almışdır. Tarix müəllimi Əbdürrəhman Şərəf Əfəndinin təşviqi ilə iki ilə qədər Mülkiyyə məktəbində təhsilinə davam etmiş, burada fransız dilini incəliklərinə qədər öyrənmişdir. İkinci kursda oxuyarkən möhkəm xəstələnmiş və bununla əlaqədar olaraq təhsilini yarım qoymalı olmuşdur (1880). Bir müddət müxtəlif dövlət müəssələrində məmur kimi fəaliyyət göstərsə də, 1908-ci ildə işindən ayrılıb, həyatını ədəbiyyata həsr etmişdir. Hüseyn Rəhmi Türkiyə Böyük Millət Məclisinin Kütahya üzrə 5-ci (1936–1939) və 6-cı (1939–1943) Çağırış millət vəkili kimi fəaliyyət göstərmişdir. O, 8 mart 1944-cü ildə İstanbulda Heybəliadadakı evində vəfat etmiş, Abbas Paşa qərbristanlığında dəfn edilmişdir. Yazıçının evi hazırda muzey kimi fəaliyyət göstərir.
Fəaliyyəti Hüseyn Rəhmi yazıçılığa gənc yaşlarından başlamışdır. İlk qələm təcrübəsini "Gülbahar" adlı əsəri ilə on iki yaşında ərsəyə gətirmişdir. Mənbələrdə çap olunan ilk əsəriylə bağlı bir-birini təkzib edən məlumatlar vardır. Bəzi mənbələrdə ilk əsərinin "İstanbulda bir frəng", və ya "Gənc qızın avazeyi şikayəti" adlı hekayə olduğu göstərilir. On səkkiz yaşındaykən ilk romanı "Şık"ı (Ayna) yazaraq, 1887-ci il 3 aprel tarixində Əhməd Midhət Əfəndinin redaktorluğu ilə çıxan "Tərcümani-Həqiqət" qəzetində hissə-hissə çap etmişdir. Əsər kitab kimi 1889-cu ildə İstanbulda işıq üzü görmüşdür. Hüseyn Rəhmi 1887-ci ildən "Tərcümani-Həqiqət", daha sonra "İqdam" və "Sabah" qəzetində yazıçı, mütərcim kimi fəaliyyətə başlamış, mütəmadi olaraq digər müxtəlif qəzet və jurnallarda da bədii-publisistik yazılar çap etmişdir. O, 1908-ci ildə Əhməd Rasim ilə birlikdə "Boşboğaz ilə Güllabi" adlı satirik qəzetini çıxarmışdır. Qəzet 1908-ci il 24 iyul — 14 dekabr tarixləri arasında həftədə iki dəfə olmaqla nəşr edilmişdir. Ümumilikdə 36 sayı işıq üzü görmüşdür. İbrahim Hilmi bəylə birlikdə çıxardığı "Millət" qəzeti də uzun ömürlü olmamışdır.
Əsərləri
Romanları Farmazon (Şık, 1889) İffət (1896) Boşanmış (Mutallâka, 1898) Mürəbbiyə (1899) Sevda bərabərliyi (Bir Muadele-i Sevda, 1899) Məşuqə (Metres, 1900) Təsadüf (1900) Şıpsevdi (1911) Nemətşünas (1911) Quyruqlu ulduz altında izdivac (1912) Qulyabani (1913) Cadugər (Cadı, 1912) Sevda Peşində (1912) Həyatdan səhifələr (1919) Haqqa sığındıq (1919) Toraman (1919) Son arzu (1922) Təbəssümi-ələm (1923) Cəhənnəmlik (1924) Əfsuncu baba (1924) Meyxanədə xanımlar (1924) Mən dəliyəmmi (1925) Tutuşmuş könüllər (1926) Billur qəlb (1926) Evlərdən iraq, qaynanam necə qudurdu (Evlere Şenlik, Kaynanam Nasıl Kudurdu, 1927) Məzarından qalxan şəhid (1928) İşvəkarlar məktəbi (Kokotlar məktəbi, 1928) Şeytan işi (1933) Utanmaz adam (1934) Quldur yuvasında (Eşkiya İninde, 1935) Kəsik baş (1942) Könül bir yel dəyirmanıdır, sevda üyüdür (1943) Ölüm qurtuluşdurmu (1954) Dirilən skelet (1946) Dünyanın məhvəri pul yoxsa, qadındır (1949) Dəli filosof (1964) Qədərin cilvəsi (1964) İnsanlar meymunmuydu (1968) Can bazarı (1968) Ölülər yaşayırmı (1973) Namuslu işvəkarlar (Namuslu Kokotlar, 1973)
Hekayələri Qadınlar vaizi (1336) Namusla aclık məsələsi (1933) Qatil busə (1933) İki hödüyün səyahəti (1933) Tuneldən ilk çıxış (1934) Könül ticarəti (1939) Mələk sanmışdım şeytanı (1943) Əti sənin, sümüyü mənim (1963)
Pyesləri Xəzan bülbülü (1926) Qadın erkəkləşincə (1933) Toqquşan qafalar (1973) İki damla yaş (1973) Gülbahar xanım
Tərcümələri Emil Qaboriodan 113 nömrəli cüzdan (1889) Bir qadının intiqamı (1891) Batinyollu ixtiyar (1891) Arnold və Jules Claretinin Parisdə görüşü (1892) Alfred De Mussetdən Frederik ilə Bernerette (1896) Paul De Kokdan biçarə baqqal (1903)
Digər əsərləri Məşəqqətli ədəbiyyat müzakirələri (Şekavet-i Edebiye Tartışmaları, 1913) Müntəxabatı-Hüseyn Rəhmi (üç cildlik, 1899) Sənət və ədəbiyyat (Vəfatından sonra H. A. Önelçin tərtib etmişdir, 1972) Məktubları və teatr tənqidləri (1998) Publisistikada ilk yazılarım (1999) Publisistikada son yazılarım — 1 (2001) Publisistikada son yazılarım −2 (2002) Publisistikada son yazılarım — 3 (2004) Publisistikada son yazılarım — 4 (2006)
Həmçinin bax Əhməd Rasim
İstinadlar
Xarici keçidlər Hüseyin Rahmi Gürpınar`dan alıntılar H. R. Gürpınar e-kitap arşivi Kateqoriya:Türkiyə dramaturqları Kateqoriya:Türkiyə romançıları Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:TBMM VIII çağırış deputatları Kateqoriya:Osmanlı yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XIX əsr yazıçıları