Qalası Səməd oğlu Cəfərov () — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Zərdab Rayon Komitəsinin birinci katibi (1980–1983).

Həyatı Qalası Səməd oğlu Cəfərov 1939-cu ildə Zərdab rayonunun Otmanoba kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra 1961-ci ildə başlamışdır Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Kür–Araz Su Qurğuları Tikintisi İdarəsi sistemində başlamışdır.

1964-cü ildən elmi fəaliyyətlə məşğul olmuş, Muğan təcrübə-meliorasiya stansiyasının və yardımçı-təcrübi təsərrüfatın baş elmi işçisi, direktoru vəzifəsində işləmişdir. 1973–1976-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda baş elmi işçi, qrup rəhbəri olmuş, suvarma texnikası sektorunun rəhbəri vəzifəsini icra etmişdir. Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almışdır.

1976-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işləmiş, su təsərrüfatı və kənd tikintisi şöbəsinin təlimatçısı, 1979-cu ildən partiya-təşkilat işi şöbəsinin inspektoru olmuşdur. 1980-ci ildə Azərbaycan KP Zərdab Rayon Komitəsinin birinci katibi seçilmişdir.

Qalası Cəfərov 1969-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı, Ali Sovetin xarici işlər komissiyasının üzvü, eləcə də Azərbaycan KP Təftiş Komissiyasının üzvü seçilmişdir. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

Qalası Cəfərov 1983-cü il iyulun 17-də avtomobil qəzası nəticəsində həlak olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Zərdab Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər