Davud Abbas oğlu Şirinov () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri (1956–1957), Azərbaycan SSR toxuculuq sənayesi naziri.
Həyatı Davud Abbas oğlu Şirinov 1910-cu ildə kəndli ailəsində anadan olmuşdur. 1928-ci ildə toxuculuq texnikumunu bitirdikdən sonra Orconikidze adına Gəncə toxuculuq kombinatında usta köməkçisi, sonra Lenin adına Bakı toxuculuq kombinatında növbə ustası işləmişdir. 1940-cı ildə Moskva Toxuculuq İnstitutunu bitirmiş və Bakıdakı Lenin adına toxuculuq kombinatının əyiricilik fabrikində sex rəisi, texniki rəhbər vəzifələrində işləmiş, kombinatın baş mühəndisi, sonra isə direktoru olmuşdur.
1943–1948-ci illərdə Davud Şirinov Orconikidze adına Gəncə toxuculuq kombinatına rəhbərlik etmişdir. 1948-ci ildə Azərbaycan SSR toxuculuq sənayesi nazirinin birinci müavini, 1955-ci ildə isə toxuculuq sənayesi naziri vəzifəsinə təyin edilmişdir. 1956–1957-ci illərdə Azərbaycan SSR yüngül sənaye naziri olmuş, 1957–1971-ci illərdə Yüngül Sənaye İdarəsinin rəisi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sədrinin müavini, Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini vəzifələrində çalışmışdır.
Davud Şirinov 1931-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, Azərbaycan Kommunist Partiyasının XXI qurultayında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilmişdir. Dəfələrlə Bakı və Kirovabad şəhər partiya komitələrinin tərkibinə seçilmiş, şəhər sovetlərinin deputatı olmuşdur. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.
Davud Şirinov 1973-cü ilin iyun ayında vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax Azərbaycan SSR hökuməti (1955–1959)
Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər