Bəzəklik Min Budda mağaraları (, ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var. Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya həsr olunmuş daxili məbəddən və onun ətrafındakı monastırdan və ətraf məkanlardan ibarətdir.

XIX əsrin sonu, XX əsrin əvvəllərində avropalı və yapon tədqiqatçıları qumda basdırılmış bütöv divar rəsmləri aşkar etmişdilər. Bu rəsmlərin bir çoxu qazılaraq bütün dünyaya yayıldı. Ən yaxşı qorunan divar rəsmlərindən bəziləri alman tədqiqatçısı Albert von Le Coq tərəfindən tapılaraq, Almaniyaya aparıldı. Prandihi səhnəsini təsvir edən böyük rəsmlər bir müddət Berlindəki Etnoqrafiya muzeyində sərgilənsə da, İkinci Dünya müharibəsi zamanı müttəfiq dövlətlərinin Berlini bombalaması nəticəsində muzey dağıdıldı, bu rəsmlər isə məhv edildi.

Bu gün rəsmlərin bəziləri Sankt-Peterburqdakı Ermitaj Muzeyi, Yaponiyadakı Tokio Milli Muzeyin, Londondakı Britaniya Muzeyi, Koreya və Hindistanın milli muzeyləri kimi dünyanın müxtəlif ölkələrinin muzeylərində nümayiş etdirilir.

Mağarada aparılan tədqiqatlar Bəzəklikdəki məbədlərin əhəmiyyətli bir hissəsi yumşaq qayaya oyulmuşdur. Bəzi strukturlar müstəqil olaraq daş və ya kərpicdən tikilmiş, digərləri isə qismən qayaya oyulmuş və xarici hörgü hissəsi ilə tamamlanmışdır. Burada ümumilikdə 77 mağara var.

Bu məbədlərin divarları çoxlu freskalarla bəzədilib. Bu rəsmlər VIII-XIII əsrlərdə uyğur klassik üslubunun ən əhəmiyyətli nümunələridir. Kompleksin adı bu sıx ornamentlərdən gəlir.

Bu məbədləri ilk ziyarət edənlərdən biri olan və burada müxtəlif tədqiqatlar aparan A. Von Le Coq kitablarında burada həyata keçirdiyi fəaliyyətləri ətraflı təsvir edir. Le Coqun dediyinə görə, burada bir neçə yüz məbəd var ki, onlar yoldan keçən insanın diqqətini cəlb etməyəcək şəkildə tikilmişdir. Binalar qrupunun şimalına doğru uzanan əsas terrasın şimal ucunda rahiblər üçün ayrılmış hücrələri olan böyük bir monastır var. Le Coqa görə, bu monastıra bitişik və cənuba axan su yatağına paralel olan bir məbəd qrupu dağlardan gələn qum və palçıq təbəqəsi ilə örtülmüşdür. Bu məbədlərdən sığınacaq kimi istifadə edən çobanların yandırdıqları odlar nəticəsində məbəddəki şəkillərin hislə örtüldüyü də bildirilir. Əvvəlcə bu rəsmləri təmizləyən işçi qrupu daha sonra böyük məbəddə çalışmağa başladı. Le Coq bildirir ki, Cellonun qarşısındakı giriş salonundakı freskalar demək olar ki, tamamilə dağılıb və qeyri-müəyyən şəkildə görünürdü. Həmçinin, əsas məbəd və onu əhatə edən monastırlar qumla dolu idi. Qum qalaqlarını çətinliklə keçən heyət nəhayət əsas məbədi əhatə edən dəhlizə çata bilmişdi. Le Coq qeydlərində qəfildən divarlarda yenicə hazırlanmış kimi görünən freskalara rast gələndə necə sevindiyini dilə gətirib. Le Coq həmçinin öz əsərində bu freskaların bütöv olanlarını necə kəsib Berlindəki muzeyə apardıqlarında da bəhs edir. left|thumb|Qrünvedel tədqiqat apararkən Buddist ikonoqrafiyasında dövrün tanınmış şəxslərindən biri olan alman alimi A. Qrünvedel də Bəzəklik mağaralarında geniş tədqiqatlar aparmışdır. Vaxtının böyük bir hissəsini məbədlərə sərf edən tədqiqatçı onların ümumi və müfəssəl planını cızmışdır. Məbədləri müəyyən etmək üçün günümüzdə istifadə edilən nömrələr Qrünvedel tərəfindən verilmişdir. Bundan əlavə, Qrünvedel məbədlərdə divar rəsmlərinin cizgilərini çəkmiş və bu rəsmləri “Çin Türküstanında qədim Buddist məbədləri” kitabında dərc etdirmişdir.

Qrünvedel, Le Coq ilə birlikdə buradakı bəzi divar rəsmlərinin Berlinə aparılmasına nail olmuşdur. 1900-cü illərin əvvəllərində Mərkəzi və Ön Asiyada müxtəlif tədqiqatlar aparan tədqiqatçılardan biri də ingilis M. A. Steyndir. Steyn əsasən Dun-huanq bölgəsində, eyni zamanda Bəzəklik mağara məbədlərində tədqiqatlar aparmışdır. Steyn “İç Asiya” və “Qədim İç Asiyanın yollarında” adlı kitablarında Bəzəklik mağara məbədlərinə səfərini və oradakı tədqiqatlarını qısaca təsvir etmişdir. Steynə görə, buradakı divar rəsmləri müsəlmanlar tərəfindən məhv edilmişdi və bu rəsmlər Avropalı turistlərə satılmaq üçün kiçik parçalara bölünmüşdü. Steyn, Qrünvedel və Le Coq kimi bu vəziyyəti bəhanə edərək Bəzəklikdəki bəzi divar rəsmlərini söküb Yeni Dehliyə apardı. Tədqiqatçı vaxt azlığı səbəbindən freskaların sökülərək daşınmasını istedadlı və təcrübəli kimi xarakterizə etdiyi köməkçisi Naik Şəmsuddinə tapşırmışdı.

Mərkəzi Asiyada 1800-cü illərin sonundan 1950-ci illərə qədər müxtəlif ölkələr, xüsusən də yuxarıda qeyd etdiyimiz kimi alman və ingilislər tərəfindən kəşfiyyat işləri aparılmış və bir çox sənət əsərləri bu ölkələrə aparılmışdır. Bu cərgəyə ruslar, italyanlar, amerikalılar, yaponlar və isveçlilər də daxil idi. Çinin Uyğur Muxtar Bölgəsində başda rəssamlıq olmaqla türk sənətinin bir çox şah əsərlərini ehtiva edən Bəzəklik mağara məbədləri bu gün mümkün qədər bərpa edilmiş vəziyyətdə ziyarətçilərin üzünə açıqdır. Ancaq sözü gedən şəkilləri görmək üçün Berlin, Yeni Dehli, Tokio, Peterburq və Honq Konq muzeylərini gəzmək lazımdır. Müxtəlif tədqiqatçılar tərəfindən də qəbul edilən ortaq fikirlərdən biri isə XIX əsrdə çinlilərin uyğur sənət əsərlərini mənimsəmək üçün uyğur yazılarını silərək onların yerinə Çin yazıları qoymasıdır.

Divar rəsmləri Bəzəklik mağaralarının divar rəsmlərində müxtəlif mövzulara toxunulmuşdur. Onların əksəriyyətində dini mövzulu səhnələr təsvir edilmişdir. Buddanı, onun təlimlərini və həyatını əks etdirən şəkillər və Pranidhi səhnələri dini mövzulu şəkillər arasında əsas yer tutur. Dini mövzulu rəsmlərdən sayıla biləcək “qurban səhnələri” də Bəzəklik divar rəsmlərində geniş şəkildə araşdırılan bir kompozisiyalardandır.

Həmçinin, müxtəlif tanrılar və alp-tanrılar, şeytan, cin və pis ruhlar, dastanlar və əfsanələr ,məbəd divarlarındakı cənnət və cəhənnəm təsvirləri, gündəlik həyatla bağlı səhnələr qarşımıza çıxan digər mövzulardır. Sözügedən rəsmlərdə müxtəlif kompozisiyalar daxilində memarlıq tikililəri, mənzərələr, heyvanlar, gündəlik istifadə olunan əşyaları, müxtəlif alətlər və musiqi alətləri də təsvir edilmişdir.

Budda təsvirləri thumb|305x305px|Budda təsviri, mağara 18, VI-VII əsrlər. Koreya Milli Muzeyi Bezeklik divar rəsmlərində Buddanın zəngin ikonoqrafiyası var. Müxtəlif səhnələrdə Budda fiqurları bəzən çarpaz şəkildə, bəzən isə ayaq üstə və ya diz çökmüş halda təsvir edilib. Ona verilən mənəvi önəmə görə, Budda həmişə başının və bədəninin halqaları ilə, müxtəlif mudra mövqelərində əlləri ilə öz kompozisiyasında digər fiqurlardan daha böyük bir fiqur kimi təsvir edilmişdir.

Buddanın geyimi diqqət çəkən plandadır və ayaqlarında sandallar var. Saçları yuxarıda topuz şəklində toplanılıb,qulaqlarından halqalar sallanır. Nazik bığları, nazik qaşları və iki qaşının arasında qızrmızı ləkə olan üzündə çox sakit bir ifadə var. Saç rəngi adətən mavi çalarlarda olur. Həmçinin paltarında mavi tonlardan istifadə olunub. Budda təsvirlərində mavi rəngdən istifadə edilməsi təsadüfi deyil. Çünki mavi rəng qədim türklərdə, qismən də uyğurlarda Göy Tanrıçasını simvolizə edir.

Budda bəzən tək bir fiqur kimi, bəzən isə digər fiqurlarla birlikdə təsvir edilmişdir. Bəzəklik divarlarında rəsm edilən ən mühüm dini mövzulardan biri Pranidhi səhnələridir. Sanskrit dilində Pranidhi sözü "Buddanın təlimlərinə əməl etməklə maariflənən insanların andı" deməkdir. Bu səhnələr uyğurlar tərəfindən hazırlanmış kompozisiyalardır və ilk dəfə Bəzəklik məbədlərində qarşımıza çıxır. Bəzəklikdəki bir çox mağarada, xüsusilə 9-cu mağarada çoxlu Pranidhi səhnələri var. Bu səhnələrdə əsas fiqur mərkəzdədir və dünyanın qütbünü təmsil edir. Onun ətrafında isə digər fiqurlar qarşılıqlı və təvazökar simada təsvir edilmişdir. Mərkəzdəki əsas fiqur, iyerarxik anlayışla digər fiqurlarla müqayisədə kifayət qədər böyük ölçülərdədir. Əsas fiqur adətən ayaq üstə, bəzən isə bağdaş şəkildə oturmuş göstərilir və çox mülayim və sakit bir insan kimi təsvir edilir. Bu kompozisiyalarda əsas fiqurun ətrafındakı fiqurlar kifayət qədər sıxdır. Lakin bu fiqurlar kompozisiyada balanslaşdırılmış şəkildə yerləşdirilib. Kompozisiyada müqəddəsliyə aid edilən fiqurlarda dairəvi halqalar mövcuddur. Digər fiqurlar uyğurlar, hindlilər, çinlilər, iranlılar kimi müxtəlif millətlərdən və zadəganlar, əsgərlər, tacirlər və ruhanilər eləcə də müxtəlif qruplardan olan insanlardır. Bu fiqurlar arasında kompozisiyanın aşağı sağ və sol hissələrində olanlar əllərində nimçə ilə mərkəzdəki Buddaya qurban təqdim edir, digər fiqurlar isə əllərini ancali-mudra mövqeyində tutaraq sitayiş edirlər. Qurban təqdim edən fiqurların yanında at, dəvə və eşşək kimi heyvanlar da görünür. Onlar tacirlərin ixtiyarında olan, üzərinə mal yüklənmiş və yerə yıxılmış heyvanlar kimi təsvir edilmişdir. Kompozisiya daxilində və xüsusilə kompozisiyanı çərçivələyən haşiyədə bitki mənşəli ornamentlər var. Rəsmlərin fonunda məbədlər, atçılıq fermaları kimi memarlıq elementləri də təsvir edilmişdir.

Budda ilə bağlı səhnələrdə onun ölümünü təsvir edən rəsmlər xüsusi əhəmiyyətə malikdir. Bu rəsmlərdə uyğur üz quruluşunda olan şəxslər, əsasən musiqiçi və din adamları, kədərli ifadədə göstərilir. Beləki bəzi fiqurlar yas tutmuş şəkildə, bəziləri əlləri ağızlarında, bəziləri isə əllərində asalarla təsvir olunur. 9, 12, 19-cu məbədlərdə Buddanın ölümünü təsvir edən divar rəsmləri mövcuddur. left|thumb|Şeytani fiqur, mağara 9, 779-886-cı illər. Berlin Etnoqrafiya muzeyi.

Alp tanrı, döyüşçü, şər ruh təsvirləri Uyğur rəssamlığında Lokapala təsvirləri qədim türklərdə Alp təxəyyülü ilə bağlı olduğu üçün çox əhəmiyyətlidir. Qoruyucu ruhlar olan Lokapalalara uyğur türkcəsində küzetkici (gözətçi) deyirdilər. Bunlar Buddist mifologiyasına alp tanrısı kimi daxil olan türk Alp anlayışının formasıdır. Bəzəklik rəsmlərində ilk növbədə Budda fiqurları, ilahi şəxsiyyətlər və ruhanilər, bəylər və qadınlar həmişə mülayim və sakit şəkildə təsvir olunsa da, alp tanrıları bu şəkildə təsvir olunmamışdır. Onların gözləri yuvarlaq, burunları isə şişkin şəkildə təsvir edilmiş,üzlərində qorxulu ifadə var. Bəzən atları ilə təsvir edilən bu fiqurlar adətən silahlı və ağır zireh geyinirlər. Dörd yön gözətçiləri (Lokapala), Vajrapani (Buddanın mühafizəçisi hesab edilən ruh), pələng maskalı tonqa (pələng, alp) fiqurları kimi alp tanrıları həmişə qorxulu simada təsvir edilmişdir. Bundan əlavə, bəzi hökmdar fiqurları bu ikonoqrafiyaya uyğun olaraq qorxulu ifadə ilə, atları və özləri ağır zireh və maskalar geyinmiş şəkildə təsvir edilmişdir. Qorxulu tanrı Mahakala da yuxarıda adı çəkilən ifadə ilə dünyanın daşıyıcısı sayılan əfsanəvi öküzün üzərində rəsm edilmişdir. Mahakala qəddar tanrı idi və insanları təkərdə əzərək öldürən ölümlə əlaqəli tanrı hesab olunurdu.

Uyğur sənətində şər ruh təsvirləri də öz klassik ifadəsindədir. Uyğur mətnlərində təsvir olunduğu kimi, Yekler (pis cin və s.) və İçkek (qan içən) kimi pis ruhlar belə təsvir edilmişdir: Dik və sərt qırmızı saçlı, dişli, iri gözləri dönür, alınlarının ortası üçüncü böyük göz parıldayıraq alov saçır. Erklik xanın və ya başqa bir Orunqutun (başbuğ) əmri altında insanlara hücum edib fəlakətlər törədirlər.