"Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" — Azərbaycanın Şuşa şəhərində, Xəlil Məmmədov küçəsində yerləşən abidə. İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra pis vəziyyətə düşmüşdür. 2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir. Kompleksin bərpa edilməsi planlaşdırılır.

Tarixi "Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" SSRİ hakimiyyəti dövründə salınmışdır və İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Kompleksin tərkibində sovet əsgərlərinin barelyefləri, park və "Analar heykəli" daxildir. Şuşa şəhəri 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir və bu zaman kompleks vandalizmə məruz qalmışdır. Kompleksdə olan əsgərlərin barelyefləri güllələnmiş, "Analar heykəli" vandalizmə uğramış, əbədi məşəl söndürülmüşdür.

2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir. Kompleksin bərpa edilməsi planlaşdırılır. 2021-ci ilin aprel ayında Şuşa şəhərinin sakinləri rus sülhməramlıları ilə birlikdə 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına monumental kompleksin elementlərinin təmizlənməsi və rənglənməsi, eləcə də bitişik ərazinin nizamlanması işlərini aparmışdılar.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Şuşa abidələri Kateqoriya:Böyük Vətən müharibəsi abidələri Kateqoriya:Şuşadakı dini tikililər