III Lüdviq () — Bavariya krallığının son monarxı. 7 yanvar 1845 – 18 oktyabr 1921-ci illərdə Bavariya kralı olmuşdur. Əvvəlcə Bavariya ordusunda leytenant kimi xidmət etmiş və Avstriya-Prussiya müharibəsi zamanı oberleytenant rütbəsini almışdı. 18 yaşında Bavariya qanunverici orqanının üzvü olmaqla siyasətə qədəm qoyub və seçki islahatlarını dəstəkləyərək siyasətin fəal iştirakçısı olub. Daha sonra o, 1912-ci ildən 1913-cü ilə qədər qəyyum və faktiki dövlət başçısı vəzifəsində çalışmış, xəstə olan əmisi oğlu Ottonun əvəzinə dövləti idarə etmişdir. Bavariya parlamenti ona bunu etməyə icazə verən qanunu qəbul etdikdən sonra Lüdviq Ottonu taxtdan saldı və taxta özü oturdu. O, Birinci Dünya müharibəsi zamanı Bavariyaya rəhbərlik edirdi.
1918-ci il Alman İnqilabından sonra Almaniya İmperiyası dağıldı və Veymar Respublikası yaradıldı. Bu inqilab nəticəsində Alman əyalətlərinin digər monarxiyaları ilə birlikdə Bavariya taxt-tacı ləğv edildi və Vittelsbaxların Bavariya üzərindəki 738 illik hakimiyyətinə son qoyuldu. Sui-qəsdin qurbanı ola biləcəyindən qorxan Lüdviq Macarıstana, Lixtenşteynə, sonra isə İsveçrəyə qaçır. 1920-ci ildə Bavariyaya qayıtdı və Vildenvart qəsrində yaşadı. Lüdviq qısa müddət sonra Macarıstanın Şarvar şəhərindəki malikanəsində qalarkən vəfat etdi.
İlk illəri left|thumb|Lüdviq 1868-ci ildə Lüdviq 7 yanvar 1845-ci ildə Münhendə, Bavariya şahzadəsi Luitpold və onun həyat yoldaşı, arxhersoqinya Avqusta Ferdinandanın böyük oğlu olaraq anadan olub. Florensiyadan olan Avqusta dörd övladı ilə həmişə italyanca danışırdı. Lüdviq öz xaç atası və babası Bavariya kralı I Lüdviqin şərəfinə adlandırılmışdır. Onun Leopold (1846-1930), Tereza (1850-1925) və Arnulf (1852-1907) adlı bacı-qardaşları da vardı. Lüdviq ilk illərini Münhen sarayının otaqlarında və Vittelsbaxer sarayında keçirib. 1852-ci ildən 1863-cü ilə qədər o, Ferdinand von Malezin tərəfindən böyüdülmüşdür. Onun on yaşı olanda ailə Leyxtenberq sarayına köçdü.
Hərbi xidməti və evliliyi 16 yaşlı Lüdviq hərbi karyerasına 1861-ci ildə əmisi Bavariya kralı II Maksimilian tərəfindən 6-cı Yegerbatalyonda leytenant rütbəsi ilə başladı. Bir il sonra o, Münhenin Lüdviq Maksimilian Universitetinə daxil olur və burada hüquq və iqtisadiyyat üzrə təhsil alır. 18 yaşı olanda o, kral sülaləsinin şahzadəsi kimi avtomatik olaraq Bavariya Qanunverici orqanı olan Senatın üzvü oldu. 1866-cı ildə Avstriya-Prussiya müharibəsində Bavariya Avstriya İmperiyası ilə müttəfiq oldu. Lüdviq bu vaxt oberleytenant rütbəsinə sahib idi. 25 iyul 1866-cı ildəki Helmştadt döyüşündə budundan yaralanması Lüdviqin daha sonra orduya daha çox meylli olmasına səbəb olub.
1867-ci ilin iyununda Lüdviq bibisiqızı Avstriya arxhersoqinyası Matildanın dəfn mərasimində iştirak etmək üçün Vyanaya səfər etdi. Orada olarkən Lüdviq 18 yaşlı Avstriya-Este arxhersoqinyası, mərhum arxhersoq Ferdinand Karl Viktorun (1821-1849) yeganə qızı Mariya Tereza və onun həyat yoldaşı Elizabet Franziska ilə tanış oldu. Evlənmək istəyini irəli sürən Lüdviqə Mariyanın dayısı Modena hersoqu V Françesko etiraz etdi. Buna səbəb Lüdviqin əmisi Ottonun Yunanıstan kralı olması və Lüdviqin gələcəkdə kral olduğu təqdirdə Katolik inancından əl çəkməsi ehtimalı idi. O, evlilik müqaviləsinin bir hissəsi olaraq Lüdviqdən Yunanıstan taxt-tacı hüququndan imtina etməsini və övladlarının katolik kimi yetişdirilməsini təmin etməyi tələb etdi. Burada evliliyə qərar verən cütlük 20 fevral 1868-ci ildə Vyanadakı Müqəddəs Avqustin kilsəsində evləndilər.
İctimai-iqtisadi fəaliyyəti 23 iyun 1863-cü ildən imperiya şuraları palatasının (Bavariya Reyxsratı) üzvü idi. 1870-ci ildə o, Noyabr müqavilələrini qəbul etməyə səs verdi və ölkənin Şimali Alman İttifaqına daxil olmasına razı oldu. 1871-ci ildə tarixdə keçirilmiş ilk Reyxstaq seçkilərində Yuxarı Bavariya 2-ci seçki dairəsində Bavariya Vətənpərvərlər Partiyasından uğursuz namizəd oldu.
Daha sonra 1875-ci ildə Lüdviq Leutstetten qəsrini satın aldı və onu kənd təsərrüfatı nümunəsi malikanəsinə çevirdi. Lüdviq əmlakı və əlaqədar torpaq sahəsini aldıqdan sonra sonrakı onilliklərdə daha geniş ərazilər aldı və beləliklə, ilkin əmlakını demək olar ki, ikiqat artırdı. Meşələrin üstünlük təşkil etməsinə baxmayaraq, meşə təsərrüfatı onun ən böyük iqtisadi sahəsi deyildi. Təsərrüfatda müxtəlif tövlələrdə 158 baş südlük inək var idi, gigiyena, qulluq və baytarlıq nəzarətinə ciddi diqqət yetirilirdi. Onlar həmçinin yulaf və çovdar yetişdirirdilər və kiçik, lakin əhəmiyyətsiz olmayan damazlıq at cinsinə sahib idilər. Lüdviq uzun illər ərzində Bavariya Kənd Təsərrüfatı Assosiasiyasının məclisinin bir hissəsi idi, tez-tez çıxışlarında və mühazirələrində yeni tapıntılarını izah edirdi. Atası kimi Lüdviq ova getməyi xoşlayırdı, tez-tez at bazarlarında və at yarışlarında iştirak edirdi. 1891-ci ildə onun təşəbbüsü ilə Bavariya Kanalı Cəmiyyəti yaradıldı. 1896-cı ildə Lüdviq Bavariya Elmlər Akademiyasının fəxri üzvü təyin edildi. Lüdviq həmçinin Alman Muzeyinin ilk dəstəkçilərindən olub.
Bavariya qəyyumluğu 12 dekabr 1912-ci ildə Lüdviqin atası Luitpold vəfat etdi. Luitpold qardaşı oğlu Kral II Lüdviqin devrilməsində fəal iştirak etmiş və digər qardaşı oğlu Kral Otto üçün qəyyum kimi fəaliyyət göstərmişdir. Otto nominal olaraq 1886-cı ildən kral olmasına baxmayaraq, 1883-cü ildən həkim nəzarəti altında idi və onun heç vaxt aktiv şəkildə hökmranlıq edə bilməyəcəyi çoxdan başa düşülürdü. Bu halda Lüdviq dərhal atasının yerinə qəyyum oldu.Hans-Peter Baum: Prinzregent Luitpold von Bayern (1821–1912) und die Stadt Würzburg. In: Ulrich Wagner (Hrsg.): Geschichte der Stadt Würzburg. 4 Bände; Band III/1-2: Vom Übergang an Bayern bis zum 21. Jahrhundert. Theiss, Stuttgart 2007, ISBN 978-3-8062-1478-9, S. 173–176, hier: S. 173.
Demək olar ki, dərhal mətbuatın müəyyən ünsürləri və cəmiyyətin digər qrupları Lüdviqin özünü taxt-taca oturtmağa çağırdılar. Bununla belə, Bavariya Senatı hazırda iclasda deyildi və 29 sentyabr 1913-cü il tarixinə qədər iclas keçirmədi. Mərkəz fraksiyası bu qanun dəyişikliyini dəstəkləmirdi.Dieter Albrecht: Die Prinzregentenzeit 1886–1912/13. səh 411 Mövzu 1913-cü ilin oktyabrında yenidən qaldırıldı və 4 noyabr 1913-cü ildə Senat Bavariya konstitusiyasına yeni əlavə etmək qərarına gəldi - əgər qeyri-sabitlik səbəbi ilə bir qəyyumluq on müddət davam edərsə, qəyyum qəyyumluğun sona çatdığını elan edə bilər və qanunverici orqan tərəfindən təsdiqlənərək taxt-tacı özü götürə bilər. Dəyişiklik Aşağı Palatada geniş partiya dəstəyi qazandı, burada 122 lehinə, 27 əleyhinə səs verdi. Senatda düzəlişin əleyhinə cəmi altı səs vardı. Növbəti gün, 5 noyabr 1913-cü ildə Lüdviq regensiyanın sona çatdığını elan etdi, əmisi oğlunu taxtdan saldı və III Lüdviq kimi öz hökmranlığını elan etdi. Qanunverici orqan bu hərəkəti lazımi qaydada ratifikasiya etdi və Lüdviq noyabrın 8-də and içdi.
Hakimiyyəti Tacqoyma mərasimi 12 noyabr 1913-cü ildə, Münhen kafedralında keçirildi. Daha sonra kral 1914-cü ilin yanvarı üçün Münhen və Berlindən diplomatik korpus üçün görüşlər və şam yeməyi təyin etdi. Bu isə II Vilhelmin xoşuna gəlmirdi, çünki Bavariyanın xarici siyasətdə müstəqillik meyllərini təmsil edirdi.Haus der Bayerischen Geschichte (Kral III Lüdviqin populyarlığı.)
Atası kimi liberal olan Lüdviq də dövləti öz nazirlərinin idarə etməsinə imkan verirdi. Onun dövründə sosial məsələ ən aktual siyasi problemlərdən biri idi. 1913-cü ildə Bavariya hökuməti işsizlərə dövlət dəstəyi planları hazırladı, lakin bu, senatda uğursuz oldu. Buna reaksiya kimi isə 1914-cü ilin əvvəlində bütün Bavariyada etiraz aksiyaları oldu. Lüdviqin qısa hakimiyyəti zamanı katolisizmə güclü meylləri vardı. Siyasi ideologiya cəhətdən mərkəzə yaxın idi. Mühafizəkar siyasəti müdafiə etmiş və Papa XIII Lev tərəfindən yazılmış Katolik ensiklikası Rerum Novarumdan təsirlənmişdi. Papalığın təsdiqi ilə 14 may 1916-cı ildə Münhendə "Patrona Bavariae" dini bayramının əsasını qoydu və sonrakı illərdə bu bayram bütün Bavariya yeparxiyalarında qeyd olundu. Bundan əlavə, Lüdviq Lüdviq-Dunay-Main kanalının genişləndirilməsini fəal şəkildə dəstəklədi.
Lüdviq Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinandı Münhendə dövlət qonağı kimi qəbul etmişdi. 28 iyun 1914-cü ildə Vürtsburqda Aşağı Frankoniyanın Bavariyanın tərkibinə keçməsinin 100 illik yubileyini qeyd edərkən kral Lüdviq vəliəhdin Sarayevoda sui-qəsd nəticəsində öldürülməsi barədə teleqram almışdı. Lakin Nazirlər Şurasının iyulun 15-də keçirilən iclasında Balkanlardakı vəziyyət müzakirə edilməmişdi. Vürtemberq Baş Naziri Karl fon Vayzseker kiçik federal əyalətlər üçün ortaq mövqe tapmaq üçün Bundesrat komitəsini çağırmağı təklif etdikdə, Münhenlilər bu təklifdən imtina etdilər. Buna baxmayaraq, Bavariyanın Berlindəki nümayəndəsi qraf Lerxenfeldin əlində artıq geniş hesabatlar var idi. İyulun 28-də Avstriya imperatoru Frans İosif Serbiya Krallığına müharibə elan edəndə kral Münhendə deyil, Leutstetten malikanəsində idi.
1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda Lüdviq Bavariyanın həmrəyliyini ifadə etmək üçün Berlinə rəsmi bəyannamə göndərdi. Müharibə vəziyyətinin elan edilməsi ilə Bavariyanın hərbi müstəqilliyi də əsaslı şəkildə dəyişdi. Əvvəllər Bavariya kralına and içmiş ordu indi Almaniya imperatoruna tabe idi. Bununla belə, bunun üçün Bavariya kralı tərəfindən rəsmi hərbi səfərbərlik elan edilməsi tələb olunurdu. Vilhelmdən bir gün sonra, 1 avqust 1914-cü ildə III Lüdviq Münhenə getdi və saat 19:30-da Vittelsbaxer sarayının eyvanından kraliçanın yanında səfərbərliyi elan etdi.
Müharibə dövrü Müharibənin başlanmasından bir neçə gün sonra Lüdviq müharibə nəticəsində Bavariyanın ərazisinin genişlənməsini gözlədiyini bildirdi. Müharibə dövründə Vilhelmə göndərdiyi tələblərdə Lüdviq hətta Bavariyanın dənizə çıxış əldə etməsi üçün Elzas bölgəsini, hətta Belçika kraliçası Elizabetin də qohumu olmağa baxmayaraq Belçikanın Antverpen şəhərinin ilhaq edilməsini istəyirdi. 6 iyun 1915-ci ildə Reyn çayının okeana birləşdirilməsini istəyən bəyanatlarla çıxış etmişdi. Lüdviq 1916-cı ildə Antverpen xəyalından əl çəksə də Elzasa iddia etməkdə davam edirdi.Karl-Heinz Janßen: Macht und Verblendung. Kriegszielpolitik der deutschen Bundesstaaten 1914/18 (Güc və Aldanma. 1914/18-ci illərdə Alman federal dövlətlərinin müharibə siyasəti). Göttingen 1963, səh 26. Onun yeni ərazi iddiaları ilə bağlı gizli gündəmi qələbədən sonra Almaniya İmperiyası daxilində Prussiya və Bavariya arasında güc balansını saxlamaq idi. Bundan əlavə, Bavariya ən yüksək səviyyədə və bütün resursları ilə müharibəyə cəlb olunmuşdu. Lüdviqin oğlu, Bavariya vəliəhdi Ruprext qərb cəbhəsindəki komandirlərdən biri idi; Lüdviqin qardaşı Leopold isə şərqdə baş komandanlıq edirdi.
29 avqust 1916-cı ildə Almaniya hərbi qərargahının rəhbəri Erix fon Falkenhaynın Erix Ludendorf və Paul fon Hindenburq tərəfindən əvəz edilməsi nəticəsində Lüdviq Bavariya Müharibə Nazirliyi və Bavariya iqtisadiyyatı ilə bağlı siyasətində dəyişiklik etdi: 31 avqust 1916-cı ildə İqtisadi gücü artırmaq üçün kəskin tədbirlərə çağıran Hindenburq proqramı elan edildi. Hindenburq və Ludendorf tərəfindən qurulan bu proqram ölkəni hərbi diktaturaya çevirdi. Kral xüsusilə Ludendorfa nifrət edirdi.Alfons Beckenbauer: Ludwig III. von Bayern, 1845–1921: Ein König auf der Suche nach seinem Volk (Bavariyalı III Lüdviq, 1845-1921: Xalqını axtaran kral) (1987) Mərkəzi hakimiyyətin bu şəkildə güclənməsi artıq krallıqların siyasi fəaliyyət qabiliyyətinin hədsiz dərəcədə zəifləməsi ilə müşayiət olunurdu.