16 sentyabr 2022-ci ildə 22 yaşlı kürd-iranlı qadın Məhsa Əmini (Cina Əmini kimi də tanınırdı) Tehran xəstəxanalarının birində şübhəli şəraitdə vəfat etdi. İran hökumətinin dini əxlaq polisi olan Rəhbərlik Patrul Xidməti Əminini hökumət standartlarına uyğun olaraq hicab taxmadığı iddiası ilə həbs etmişdi. İran İslam Respublikasının hüquq-mühafizə orqanları bildirdi ki, qadın polis bölməsində infarkt keçirib, huşunu itirib və komaya düşüb, sonra isə xəstəxanaya aparılıb. Lakin şahidlər, o cümlədən Əmini ilə birlikdə saxlanılan qadınlar onun ağır şəkildə döyüldüyünü və polis zorakılığı nəticəsində öldüyünü bildirdilər,Mehsa Amini's death "due to injury to the skull"; A former IRGC commander informed about the forensic report , BBC News, 29 September 2022 İran hakimiyyəti isə bu məlumatı təkzib etdi. Polis zorakılığı ilə bağlı iddialar və sızdırılmış tibbi müayinələr bəzi müşahidəçilərin Əmininin həbsindən sonra aldığı baş zədələri səbəbindən beyin qanaması və ya insult keçirdiyinə inanmasına səbəb oldu.

Əmininin ölümü bir sıra böyük miqyaslı etirazlara səbəb oldu. "CNN"-ə əsasən bu etirazlar 2009, 2017 və 2019-cu illərdə baş verən etirazlardan daha şiddətli idi, "The New York Times" isə bu hadisələri 2009-cu ildən bəri İranda baş verən ən böyük etiraz kimi təsvir etmişdir. "İran İnsan Haqları" təşkilatı 2022-ci ilin dekabr ayına qədər ölkə daxilində təhlükəsizlik qüvvələrinin etirazçılara hücumları nəticəsində ən azı 476 nəfərin öldürüldüyünü bildirdi. "Amnesty International" təşkilatı İran təhlükəsizlik qüvvələrinin etirazçı qruplara həqiqi güllələrdən atəş açdığını və etirazçıları dəyənəklə döyərək öldürdüyünü bildirmişdir. Əmininin ölümü, İranda məcburi hicab qanunlarına və qadınlara qarşı digər ayrı-seçkilik və zülm formalarına son qoyulmasını tələb edən qlobal Qadın, Həyat, Azadlıq hərəkatını alovlandırdı. Sonrakı hadisələr zamanı bəzi qadın nümayişçilər etiraz aksiyası olaraq hicablarını çıxardılar və ya saçlarını açıq şəkildə kəsdilər.

İstinadlar

Kateqoriya:İranda zorakılıq qətlləri Kateqoriya:XXI əsrdə Tehran Kateqoriya:İran tarixi Kateqoriya:İran şəxsləri Kateqoriya:İranda insan hüquqları Kateqoriya:Polis vəzifəsindən sui-istifadə