Mişa Titiyev (; ) – rus əsilli ABŞ antropoloqu. Kremençuq şəhərində doğulmuş, 1907-ci ildə ailəsi ilə birlikdə ABŞ-nin Boston şəhərinə köçmüşdür.
Karyerası Titiyev Harvard Universitetində təhsili alaraq 1923-cü ildə bakalavr dərəcəsi, 1924-cü ildə ingilis ədəbiyyatı üzrə magistr dərəcəsi, 1935-ci ildə antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. O, 1935-36-cı illərdə ABŞ Milli Park Xidməti üçün köməkçi muzey kuratoru və gənc arxeoloq olaraq işləmişdir. 1936-cı ildə Miçiqan Universitetində işləməyə başlamış, 1951-ci ildə universitetin professoru olmuşdur.
İkinci dünya müharibəsi zamanı Strateji Servis Ofisi üçün işləmişdir. 1954-cü ildə Fulbrayt təqaüdü əsasında Avstraliya Milli Universitetinin professoru olmuşdur. Təhsil sahəsindən təqaüdə çıxdıqdan sonra Miçiqan Universitetinin emerit professoru adına layiq görülmüşdür.
Araşdırmaları Titiyevin əsas akademik maraqları hopilərin etnologiyası, Yaponiya və Peruda yaşayan yaponların sosial təşkilatlanması, Çilidə yaşayan araukanların etnologiyası olmuşdur. O, Arizona ştatında hopilər, Çilidə araukanlar, Peruda yaponlar və Yaponiyanın Okayama bölgəsində yerlilər arasında sahə araşdırması aparmışdır. Şərqi Asiya antropologiyası haqqında araşdırmalar aparmış, Miçiqan Universitetində Yaponşünaslıq mərkəzi qurmuşdur. Titiyev hopilər arasında böyük hörmətə sahib şəxs olmuşdur. Hopilər onu Üçüncü Mesa və Günəş klanı qəbilələrinə qəbul etmişdirlər.
Titiyevin əsas əsərlərinə "Qədim Oraibi" (1944), "Araukan mədəniyyəti keçid mərhələsində" (1951), "İnsan elmi" (1954), "Mədəni antropologiyaya giriş" (1959) aiddir. 1976-cı ildə Miçiqan Universitetinin Ədəbiyyat, Elm və İncəsənət Kolleci tərəfindən Mişa Titiyev kitabxanasının əsası qoyulmuşdur. Bu kitabxana antropologiya sahəsinə aid böyük kolleksiyaya ev sahibliyi edir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:ABŞ antropoloqları Kateqoriya:Rusəsilli şəxslər Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Miçiqan Universitetinin müəllimləri Kateqoriya:Rusiya imperiyasından ABŞ-yə mühacirət edənlər