Ziya (Ziyəddin) Əhmədcanoviç Kurmakayev (, ; ) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Dövlət Əmək Komitəsinin sədri (1976–1980), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsinin sədri (1967–1976), Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1950–1953), Azərbaycan SSR xalq sovxozlar komissarı (1940–1941).
Həyatı Ziya Əhmədcanoviç Kurmakayev 1911-ci ildə Saratov quberniyasının Kuznets qəzasının Tatar Şəmalağı kəndində anadan olmuşdur. Kiçik yaşlarından Bakıya köçmüş, burada "Gənc mədənçi" neft məktəbini bitirərək Budyonnı adına mexaniki zavodda işləmişdir.
Ziya Kurmakayev 1930-cu ilin sonlarından komsomol işində olmuşdur. 1933-cü ildə Sovet Ordusu sıralarına çağrılaraq Tiflis şəhərində avtomobil, zirehli maşın və tank hissəsində hərbi xidmət keçmişdir. Orduda komsomol və partiya işinə seçilmiş, tərxis edildikdən sonra komsomolda müxtəlif vəzifələrdə işləmişdir. Ziya Kurmakayev 1937-ci ildə Bakı Şəhəri Lenin (hazırkı Sabunçu) Rayon Zəhmətkeş Deputatları Soveti sədrinin müavini vəzifəsinə irəli çəkilmiş və həmin il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinə keçirilmişdir.
1939-cu ilin dekabr ayından Ziya Kurmakayev Azərbaycan SSR xalq torpaq komissarının müavini, sonra isə Azərbaycan SSR xalq sovxozlar komissarı olmuşdur. Böyük Vətən müharibəsi illərində Sovet Ordusunun müxtəlif hissələrində siyasi işdə çalışmış, 1942-ci ilin yayından isə Qərb cəbhəsində diviziyanın siyasi şöbə rəisi olmuşdur. Sonralar mərkəzi, birinci, ikinci və üçüncü Belorusiya cəbhələrində müxtəlif komanda-siyasi vəzifələrə göndərilmişdir.
Ordudan tərxis olunduqdan sonra Ziya Kurmakayev Azərbaycan KP MK-nın kənd təsərrüfatı və sənaye şöbələrində rəhbər vəzifələrdə işləmiş, 1946-cı ildən 1949-cu ilədək oxumuşdur. Azərbaycan SSR avtomobil nəqliyyatı naziri, sonra isə yenidən Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsinin müdiri olmuşdur. 1967-ci ilin aprel ayından Azərbaycan SSR Nazirlər Soveti Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsinin sədri, 1976-cı ilin noyabr ayında qurumun yenidən təşkil edilməsindən sonra isə Azərbaycan SSR Dövlət Əmək Komitəsinin sədri vəzifələrində işləmişdir. O, 1980-ci ilin dekabr ayında təqaüdə çıxmışdır.
Ziya Kurmakayev 1930-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, dəfələrlə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir. 1-ci və 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, eləcə də Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olmuşdur. Müharibə cəbhələrində iştirakında və təsərrüfat quruculuğunda fərqləndiyinə görə 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri, iki "Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı ulduz" ordeni və bir sıra medallarla təltif edilmişdir. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.
Ziya Kurmakayev 1981-ci il mayın 9-da vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan SSR avtomobil nəqliyyatı nazirləri