Tomas Erpenius () — holland naşiri, ilahiyyatçı və şərqşünas.

Leyden Universitetində ilahiyyatı, sonralar Yaxın və Orta Şərq ölkələri dillərini öyrənmişdir. Misir, İngiltərə, Fransa, Almaniya və İtaliyaya səyahətlər edərək alimlərlə görüşmüşdür. Venesiyada fars, türk və həbəş dillərini, Parisdə isə ərəb dilini təkmilləşdirmişdir. 1612-ci ildə Leyden Universitetinin ərəb və digər Şərq dilləri üzrə professoru olmuşdur. Birləşmiş Əyalətlər Respublikasının (Niderland) rəsmi tərcüməçisi idi. 1612-ci ildə Leydendə mətbəə açmış və ərəb dilində kitab çap etmək məqsədilə şrift nümunələri hazırlamışdır. 1613-cü ildə ərəb dilinin qrammatikasına dair kitablar nəşr etmiş, 1615–22-ci illərdə dini kitablar buraxmışdır. "Qurani-Kərim"in nəşrini latın dilində şərhlərlə hazırlamış, lakin həyata keçirə bilməmişdir. Ölümündən sonra 1625-ci ildə Elzevirlər ailəsi onun mətbəəsini alaraq kitab işini davam etdirmişdir.

İstinadlar

Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri