thumb|right|Portağallı sufle Sufle () — 18-ci əsrə aid fransız şirniyyat növü. Müxtəlif inqrediyentlərlə hazırlanan sufle duzlu əsas yemək kimi təqdim edilə və ya şirinləşdirilərək desert kimi süfrəyə verilə bilər.
Sufle sözü fransız dilində "üfürmək", "nəfəs vermək", "şişirmək" və ya "qabartmaq" mənalarını verən souffler feilinin keçmiş zaman feli sifət formasıdır.
Tarixi Sufle haqqında məlum olan ən erkən qeydlər XVIII əsrin əvvəllərində yaşamış fransız aşpaz Fransua Massialoya aid edilir. Suflenin təkmilləşdirilməsi və geniş yayılması isə adətən XIX əsrin əvvəllərində fransız aşpaz Mari-Antuan Karem ilə əlaqələndirilir.
Tərkibi və hazırlanması Sufle adətən iki komponentdən hazırlanır:
Əsas qarışıq kimi ətirləndirilmiş krem-patisyer, qaymaqlı sous və ya beşamel sousu, yaxud püre; Yumşaq köpük halına gələnədək çalınmış yumurta ağı.
Əsas qarışıq suflenin dadını formalaşdırır, yumurta ağı isə onun qalxaraq şişkin və yüngül quruluş almasını təmin edir. Duzlu suflelərin əsas qarışığına dad vermək üçün adətən göyərti, pendir və tərəvəzlərdən, desert suflelərində isə mürəbbə, meyvələr, giləmeyvələr, şokolad, banan və limondan istifadə olunur.
Suflelər adətən ramekinlərdə və ya xüsusi sufle qablarında bişirilir. Bunlar əsasən alt hissəsi şirsiz, digər hissələri isə şirlənmiş, düz dibli, dairəvi çini qablardır. Bu qabların divarları şaquli və ya ona çox yaxın, xarici kənarları isə yivli olur. Suflenin qaba yapışmasının qarşısını almaq üçün ramekinin və ya digər bişirmə qabının içərisinə nazik qat kərə yağı çəkilə bilər. Bəzi hazırlanma üsullarında kərə yağı ilə yanaşı, ramekinin içərisinə şəkər, çörək qırıntıları və ya parmezan kimi sürtgəcdən keçirilmiş bərk pendir də səpilir. Bəzi aşpazlar bunun suflenin daha asan qabarmasına kömək etdiyini düşünürlər.
Bişirildikdən sonra sufle qabarır, şişkin və yüngül forma alır. Adətən 5-10 dəqiqədən sonra isə tədricən çökür. Sufle üzərinə şirin desert sousu əlavə edilərək və ya yanında sorbet və dondurma ilə süfrəyə verilə bilər. Süfrəyə verilərkən sufleni ayrı-ayrı porsiyalara bölmək üçün onun üst hissəsi süfrə alətləri ilə açıla bilər. Bu, həmçinin sousun suflenin içinə yayılmasına imkan verir.
Növləri Suflenin həm duzlu, həm də şirin olmaqla müxtəlif növləri mövcuddur. Duzlu suflelərə çox vaxt pendir, həmçinin ispanaq, kök və müxtəlif göyərtilər əlavə edilir. Daha doyumlu olması üçün bəzi suflelərdə quş əti, donuz əti və ya dəniz məhsullarından da istifadə olunur. Şirin suflelər isə şokolad və ya meyvə sousu (məsələn, limon və ya moruq sousu) əsasında hazırlana bilər və çox vaxt üzərinə şəkər kirşanı səpilərək süfrəyə verilir. Qənaətcil reseptlərdə isə bəzən artıq qalmış yeməklərdən sufle hazırlanmasının mümkünlüyü vurğulanır. Sufle həmçinin, tək halda, dondurma, meyvə və ya sousla birlikdə süfrəyə verilə bilər.
Almalı sufle hazırlamaq üçün əvvəlcə şirinləşdirilmiş süddə bişirilmiş düyü püre halına gətirilərək tort qəlibinin kənarlarına çəkilir və bərkiyənədək bişirilir. Düyüdən hazırlanmış bu "çərçivənin" içərisi qatılaşdırılmış alma marmeladı və çalınmış yumurta ağı ilə doldurulur, sonra isə sufle qabaranadək bişirilir.
Rotşild suflesi Rotşild suflesi Mari-Antuan Karem tərəfindən yaradılmış şirin sufle növüdür. Yemək Ceyms Mayer de Rotşildin şərəfinə adlandırılmışdır. Orijinal reseptdə yemək bişirilməzdən əvvəl Danziger Qoldvasser liköründə isladılmış və şəkərlənmiş meyvələrdən istifadə edilirdi. Sonrakı reseptlərdə isə Qoldvasser kirş (meyvə brendisi), konyak və ya Qrand marnier (fransız likör növü) ilə əvəz olunmuşdur.
İstinadlar
Kateqoriya:Fransa desertləri Kateqoriya:Macarıstan desertləri Kateqoriya:Fransız dilində sözlər və ifadələr Kateqoriya:Yumurta xörəkləri Kateqoriya:Bişirmə texnikasına görə qidalar