Rəhim Məmməd oğlu Hüseynzadə () — Azərbaycanlı jurnalist, Azərbaycan Mətbuat Şurasının keçmiş icra katibi. "Zərdabi" Mətbuat Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005).

Həyatı Rəhim Məmməd oğlu Hüseynzadə 1951-ci ildə mart ayının 3-də Gəncə şəhərində doğulub. O, 1958–1968-ci illərdə Gəncə şəhər 5 saylı orta məktəbdə təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 1983-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınının (keçmiş Bakı Ali Partiya Məktəbi) fərqlənmə diplomu ilə bitirib

1973–1977-ci illərdə yeni yaradılmış Neftçala rayonunda nəşrə başlamış "Gündoğar" qəzetinin, 1977–1992-ci illərdə "Qələbə" Salyan rayon qəzetinin şöbə müdiri işləyib. Peşəkar jurnalist kimi Rəhim müəllim SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər İttifaqının 30-a yaxın mükafatına, 1985-ci ildə isə "Qızıl Qələm"ə layiq görülüb.

1992–1996-cı illərdə yerli idarəetmə qurumunda işə cəlb edilib - Salyan rayon icra hakimiyyəti başçısının köməkçisi və məsləhətçisi vəzifələrində işləyib.1998-ci ildə yenidən media sahəsində fəaliyyətə qayıdıb. O, müstəqil nəşrlər olan "Kriminal", "Vaxt", "Hürriyyət" qəzetlərində çalışıb. 2000-ci ildən "Qırxçıraq" regional qəzetinin baş redaktoru olub və 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılmasında fəal iştirak edib.

Rəhim Hüseynzadə 2004-cü ildən 2017-ci ilə kimi Mətbuat Şurasının icraçı katibi kimi fəaliyyət göstərib. "Zərdabi" Mətbuat Mərkəzi İctimai Birliyinin sədridir.

Rəhim Hüseynzadə milli jurnalistikamızın inkişafında göstərdiyi xidmətlərə görə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İstinadlar