Qəmər Ağaoğlu (; ) — Qarabağ xanları nəslindən olan, ABŞ-də fəaliyyət göstərmiş incəsənət professoru. Miçiqan Universitetində işləmişdir.

Həyatı Qəmər Ağaoğlu 1903-cü il oktyabrın 15-də Şuşada anadan olmuşdur. Sovet dövrü təhsili ilə bağlı verilmiş sənəddə doğum ili 1902-ci il olaraq göstərilmişdir. 1921-ci ilin may ayının sonunda 4-cü Sovet məktəbinin ikinci dərəcəli (daha əvvəlki Bakı qız gimnaziyası) kursunu bitirmişdir.

Ailəsi Atası Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanov (1859–1920) həm çar, həm də AXC dövründə müxtəlif inzibati vahidlərin rəisi vəzifəsində çalışmışdır. Böyük bacısı Sürəyya Talıbxanbəyli (1899–1974-cü ildən əvvəl) İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdi. İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli (1896–1965) ilə ailə qurmuşdur. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində bəzi araşdırmalar aparmışdır. Türkiyədə atom fizikası üzrə ilk mütəxəssislərdən biri olan professor Dilşad Talıbxan-Elbrus (1915–1979) da Qəmər Ağaoğlunun bacısıdır. Elmi fəaliyyətinə universitet yanındakı Təcrübi Fizika İnstitutunda assisent kimi başlamış, 1961-ci ildə isə İzmirdə yeni qurulan Egey universitetinin professoru olmuşdu. Professor Dilşad Elbrus Türkiyədə atom fizikası sahəsində çalışan ilk qadın tədqiqatçı idi. İki kitabın və bir neçə elmi məqalənin müəllifidir.

Dayısı Hüseyn bəy Mirzəcamalov XX əsrin əvvəllərində milli ziyalıların tanınmış nümayəndələrindən idi. AXC dövründə Azərbaycan Parlamentində qanunvericilik şöbəsinə rəhbərlik etmişdi. 1919-cu il dekabrın 7-də daxili işlər nazirinin şəxsi katibi, gənc şərqşünas alim Məhəmməd Ağayev (gələcək Mehmet Ağa-Oğlu — Qəmər Ağaoğlunun gələcək həyat yoldaşı) ilə birlikdə Parlament nəzdində fəaliyyətə başlayan İstiqlal Muzeyinin qurulmasında mühüm xidmətləri olmuşdu. H. Mirzəcamalovla M. Ağayev Cümhuriyyət hökumətinin həyata keçirdiyi başqa bir mühüm siyasi-ideoloji layihə üzərində də birlikdə çalışmışdılar. Hər ikisi 1919-cu ilin oktyabrında Nazirlər Şurası Dəftərxanasının rəisi L. Kriçinskinin rəhbərliyi altında "Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair" arxiv sənədlərinin toplanması və nəşri məqsədi ilə yaradılmış komissiyanın tərkibinə daxil edilmişdilər.

Məhəmməd Ağaoğlu ilə ailə həyatı qurmuş, onunla birlikdə xaricdə oxumuş və çalışmışdır. Lakin sonradan boşanmışdırlar. Gültəkin A. Ludden adında qızları olmuşdur. Gültəkin Ohayo Universitetinin sənət tarixi bölümünün rəhbəri, professor Franklin Luddenlə (1921–2001) ailə qurmuşdur. O, 95 yaşında 2018-ci ilin oktyabrında yaşadığı Ohayo şəhərində vəfat etmişdir.

Mühacirət

Türkiyədə Atası, Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanov (1859–1920) istər çarizm, istərsə də Azərbaycan Cümhuriyyəti dönəmində Gəncə və Bakı quberniyalarının müxtəlif yerlərində pristav və qəza rəisi kimi çalışmışdı. Talıbxan həm zadəgan nəslindən olmasına, həm də tutduğu vəzifələrə görə Azərbaycan sovetləşdikdən sonra ilk edam edilənlərdən biri olmuşdur. Azərbaycanda bolşevik işğalından az sonra Qəmər anası Xeyransa xanım, bacıları və qardaşı ilə birlikdə Türkiyəyə mühacirət edə bilmişdi. Bu işdə onlara dayısı Hüseyn bəy Mirzəcamalovun (1884–1974) böyük köməklik etmişdi. thumb|296x296px|Avropada oxuyan Cümhuriyyət tələbələri ümumi yığıncağı (Berlin, Anadolu klubu, 1922-1923-cü illər). Tam mərkəzdəki xanım — Qəmər Ağaoğlu (Talıbxanbəyli), onun arxasında həyat yoldaşı Məhəmməd Ağaoğlu Məhəmməd Ağaoğlu kimi tanınan Məhəmməd Ağayev ilə çox güman, Bakıda tanış olmuş, Türkiyəyə mühacirətə gedəndən az sonra isə evlənmişdilər. Çünki əri ilə birlikdə Qəmər xanım da 1922-ci ildə universitet təhsili almaq məqsədi ilə Qərbi Avropaya — Almaniya və Avstriyaya yollanmışdı. Berlin, Yena və Vyana universitetlərində tanınmış mütəxəssislərin yanında Şərq incəsənəti üzrə mükəmməl kurs keçmiş, əcnəbi dillərə yiyələnmişdi. Miçiqan Universitetinin Antropoloji Arxeologiya Muzeyinin rəsmi saytında yerləşdirilmiş tərcümeyi halında da qeyd edildiyi kimi 1927-ci ildə İstanbul Universitetindən Şərq tarixi üzrə magistr dərəcəsi alana kimi Avropanın bir neçə ali məktəbində təhsil almışdı. ABŞ-də İstanbula dönəndən sonra o, muzeyçilik sahəsində çalışmağa başlamışdır. İki il sonra isə Detroyt İncəsənət İnstitutunun əməkdaşlıq təklifini qəbul edən əri Məhəmməd Ağaoğlu ilə birlikdə Amerikaya köçmüşdür.

İstanbul Universitetindən aldığı Şərq tarixi üzrə magistr dərəcəsinin ardınca Qəmər Ağaoğlu 1938-ci ildə Miçiqan Universitetində graduate student kursu keçərək Şərq incəsənətinin tarixi üzrə də magistr olmuşdu. Universitet nəzdindəki Antropologiya Muzeyi onu elmi-tədqiqatlar aparmaq məqsədi ilə asissent kimi çalışmağa dəvət etmişdi.

İkinci Dünya müharibəsi illərində qısa müddətə ABŞ ordusunun tədris proqramına cəlb edilmişdi. İkinci cəbhənin açılması ərəfəsində amerikalı zabitlərlə rus dili məşğələləri aparırdı. thumb|220x220px|left|Qəmər xanım Tzin sülaləsinin mərasim geyimləri kolleksiyasına daxil olan iki Çin paltarını nümayiş etdirir. Miçiqan Universiteti, 1948

Müharibə qurtarandan dərhal sonra — 1945-ci ildə Antropologiya Muzeyinin Asiya Kolleksiyası adlandırılan Şərq bölümündə mühafiz asissenti (assistant curator) kimi işini davam etdirmişdi. 1951-ci ildə mühafiz yardımçısı, 1956–1974-cü illərdə isə baş mühafiz olmuşdu. Yeri gəlmişkən Qəmər Ağa-Oğlu 1980-ci illərə qədər ABŞ muzeyçiliyi tarixində yeganə qadın mühafiz olaraq qalmaqda idi. Muzeydəki işi ilə bir sırada pedaqoji sahədəki fəaliyyətini də davam etdirmişdi. 1949–1962-ci illərdə Miçiqan Universitetinin Antropologiya fakültəsində müəllim, 1962-ci ildən həmin fakültədə, 1964-cü ildən isə İncəsənət tarixi bölümündə associate professor (dosent) vəzifəsini tutmuşdu. Həmin vaxtdan təqaüdə ayrıldığı 1974-cü ilə qədər incəsənət tarixi professoru olmuşdu. O, Cənub-Şərqi Asiya keramikası üzrə beynəlxalq miqyasda tanınan nüfuzlu tədqiqatçı və ekspert idi. 1944–1974-cü illərdə Şimali Amerikanın, Avropa və Asiya ölkələrinin çeşidli muzey kolleksiyalarında araşdırma aparmışdı. Qəmər Ağaoğlunun "Şərqi Asiya keramikası. Vilyam kolleksiyası" (), "Uzaq Şərq keramikası. Vilyam kolleksiyası. Tonnankour bölümü" (), "Filippində Yinq Çinq çinisi tapılmışdır" (), "Miçiqan Universiteti kolleksiyasında mavi və ağ Min bardaqları" () kimi kitab və broşürları, məqalələri və sərgi kataloqları mütəxəssislərin fikrincə Asiya və Uzaq Şərq tətbiqi sənətinin öyrənilməsinə ciddi töhfə idi. O, keramika mədəniyyətinə həsr olunmuş əksər beynəlxalq konfransların iştirakçısı, bir çox hallarda isə məruzəçisi qismində çıxış etmişdi. Miçiqan Universitetinin kampusunda (Ann-Arbor), habelə yerli Təbiət Tarixi muzeyində Qəmər xanımın yaxından iştirakı və təşkilatçılığı ilə çoxsaylı şərq incəsənəti sərgiləri keçirilmişdi.

Miçiqan universitetinin professoru Karlo Sinopoli Qəmər Ağaoğlu barədə yazırdı:

Ölümü 1974-cü ildə 30 ildir ki, çalışdığı Miçiqan Universitetindən təqaüdə ayrılmışdır. 1984-cü ilin avqustunda vəfat etmişdir.

Xatirəsi Qəmər Ağaoğlunun ölümündən 33 il sonra, 2017-ci ilin iyununda Miçiqan Universiteti yanındakı Asiya muzeyinin mühafizi təyin olunan Karlo Sinopoli demişdi:

Zəngin elmi arxivi və kitabxanası vəsiyyətinə əsasən 1985-ci ildə qızı Gültəkin A. Ludden tərəfindən Miçiqan universitetinin Antropologiya bölümünə hədiyyə edilmişdi.

Həmçinin bax Dilşad Elbrus Məhəmməd Ağaoğlu

İstinadlar

Kateqoriya:ABŞ alimləri Kateqoriya:ABŞ sənətşünasları Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:ABŞ azərbaycanlıları Kateqoriya:Türkiyə azərbaycanlıları