Asəf İlqar oğlu Əsgərov () — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Asəf İlqar oğlu Əsgərov 1990-cı il, martın 5-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub.
2007-ci ildə orta təhsilini başa vurub.
2008-ci ildə Bərdə Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2008–2009-cu illərdə N saylı hərbi hissədə xidmət edib.
2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "MAHHXHQ hazırlığı", 2015-ci ildə isə "Gizir hazırlığı" kurslarını bitirib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 27 yanvar 2015-ci il tarixli əmri ilə "gizir" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 11 il ərzində tank taqımının baş mexanik-sürücüsü, tank komandiri, tank bölüyünün baş texniki vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı cəbhənin Tərtər-Ağdərə istiqamətlərində, həmçinin Madagizin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 1-də Tərtər rayonu ərazisində, Talış istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Bərdə rayonunun Mustafaağalı kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. Emil və Kənan adında 2 oğlu var.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar