Vüsal Şakir oğlu Allahyarov () — Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Vüsal Şakir oğlu Allahyarov 1988-ci il, aprelin 22-də Sumqayıt şəhərində anadan olub.

Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdən məzun olub.

2008-ci ildə Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2008–2010-cu illərdə Müdafiə Nazirliyinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib.

2011-ci ilin mayından Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmətə başlayıb. 4 may 2011-ci ildən 6 yanvar 2018-ci ilədək Daxili Qoşunların Quba rayonunda yerləşən N saylı hərbi hissəsinin "Bəbir" xüsusi təyinatlı dəstəsində xüsusi həmlə qrupunda atıcı, snayper, yarımqrup komandiri, snayper qrupunda yarımqrup komandiri vəzifələrində xidmət edib.

"Zoğalı beret" peşə hazırlığı sınaqlarında müvəffəqiyyət qazandığına görə daxili işlər nazirinin müavini—Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədovun 16 sentyabr 2016-cı il tarixli müvafiq əmrinə əsasən, zoğalı beret daşıma hüququ verilib.

2017-ci ilin avqustunda Türkiyəyə göndərilərək, 2018-ci ilin yanvar ayınadək bu ölkənin Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığının Foçada (İzmir ili) yerləşən Komando Məktəbində komando təməl kursu çərçivəsində ayrı-ayrı istiqamətlər üzrə təlim mərhələlərindən keçib.

2018-ci il, yanvarın 6-dan qoşunların Lənkəran rayonunda yerləşən N saylı hərbi hissəsinin "Gürzə" xüsusi təyinatlı dəstəsində xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsinə təyin olunub.

Müxtəlif illərdə daxili işlər nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Noyabrın 9-da Şuşa istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. Fatimə və Rəhim adında 2 qızı var.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar