Ramid Nəriman oğlu Hacıyev () — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının mayoru; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Ramid Nəriman oğlu Hacıyev 1987-ci il, fevralın 11-də Cəbrayıl rayonunun Mirək kəndində anadan olub.
1994–2002-ci illərdə Xətai rayonu 48 saylı tam orta məktəbdə təhsil alıb. 2002-ci ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib və 2005-ci ildə oradan məzun olub. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 22 iyun 2009-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 11 il ərzində qərargah bölüyünün tank əleyhinə taqımının komandiri, motoatıcı taqım komandiri, motoatıcı bölüyün komandiri, mexanikləşdirilmiş taborun (BMP-2) mexanikləşdirilmiş bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-2) komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi - tabor komandirin müavini və Motoatıcı taborun komandiri vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına komandiri olduğu motoatıcı taborun şəxsi heyəti ilə qatılıb. Oкtyabrın 17-də Tərtər istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. 2 saylı Şəhidlər Xiyabanı dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi, 1 oğlu və 2 qızı var.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar