Müasir fəlsəfə — XIX əsrin axırlarından bu günə qədər olan fəlsəfi fikirlərdir. Bu dövrün filosofları indiyə qədər var olan bir çox fəlsəfi fikirləri qəbul etməklə yanaşı bir çox yeni fəlsəfi fikir də yaratmışdır. Bu dövrdə Ziqmund Freydin "freydizmi" , Ogüst Kontun " pozitivizmi" , Ralf Uold Emersonun "Transsendentalizmi" kimi fikirlərlə yanaşı "Postanarxizm" və "SSRİ fəlsəfəsi" kimi bir çox fəlsəfi fikirlər meydana gəlmişdir.

Freydizm Psixologiyada nəzəriyyədir. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z. Freyd (1856–1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı.

Freydə görə, şüurlu "mən" iki obyektiv qüvvənin– "o" ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. "Kütlə psixologiyası və insan "mən"inin analizi" əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. "Moisey və monoteizm" əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.

Təhtəlşüur haqqında Freyd təlimi psixoanalizin elə müddəalarına əsaslanmışdır ki, burada psixoloji narahatlıqlar, zədələr, affektlər, arzuların həyata keçməməsi və s.– nin insanı ömrü boyu izləməsi göstərilir. Bunlar özünü nevroz formasında təzahür etdirir.

Freydə görə, ona qədərki fəlsəfənin ən böyük günahı o idi ki, təhtəlşüur problemi onun tədqiqat predmeti olmamışdır. Tədqiqat predmeti əql, şüur olmuşdur. Doğrudur, Freyd etiraf edirdi ki, şüurun öyrənilməsi vacib şərtdir. Əslində şüur dünyada insanın oriyentasiya götürməsinə imkan verir, özünün "Mən"– ni (ego) formalaşdırmağa şərait yaradır. Lakin "Mən"– dən başqa fərdin şüuru, insan psixikası, Freydə görə, özünə daha iki strukturu daxil edir: "Fövqəl– Mən" (Super ego)– psixikası daxilinə keçirilmiş sosial əhəmiyyətli motivlər, requlyatorlar və həmçinin "o" (İd) təhtəlşüurun "mikrodünyası".

Freydin təlimini inkişaf etdirən şagirdləri içərisində K. Yunq (1875–1964) özünəməxsus yer tutur. Əgər Freydin xidməti təhtəlşüurun "mikrodünyası"nın təhlili idisə, Yunq da öz növbəsində təhtəlşüuru öyrənərək onun ayrı– ayrı yaratdıqları (arxetipləri) ilə struktur, obrazlar mədəniyyəti üçün ümumi oxşarlığını göstərmişdir. O, elmi dövriyyəyə "kollektiv təhtəlşüur" anlıyışını gətirmişdir. "Psixoloji tiplər" əsərinin girişində Yunq Platon və Aristotelin iki, tamamilə bir– birindən fərqli olan insan naturası olması haqqında Heynenin qeydlərini təhlil edir. Bunlardan biri xəyalpərvər naturadır, mistik Platon naturasıdır ki, öz qəlbinin gizli yerlərindən xristian ideyalarını və ona müvafiq gələn simvolları yaradır. Aristotel naturası isə praktikdir, hər şeyi qaydaya salandır. Həmin ideyalardan və simvollardan möhkəm ehkamlar və kult sistemi yaradır.

Yunq pisxoloji tipləri iki böyük qrupa bölür: bunlar introversiya tipi və ekstraversiya tipləridir. Fərddə müxtəlif funksiyalar: 1. təfəkkür; 2. emosiya; 3. hiss; 4. intuisiya hökm sürür.

Psixoloji tiplər ümumi psixik proseslərlə şərtlənir ki, bunu da K. Yunq "kollektiv təhtəlşüur" adlandırmışdır. Fərdi şəxsiyyət psixoloji prosesin hissəsi, kəsiyi, yaxud nümayəndəsidir ki, o, hər bir canlıda onun anadangəlmə xassəsi kimi əks olunmuşdur. Fərdin obraz tərzinin anadangəlmə xüsusiyyətləri Yunqa görə, instinkt adlanır. O yazırdı ki, obyektin bu psixi xüsusiyyətini arxetip kimi ifadə etməyi məsləhət gördüm. Arxetip anlayışı nə deməkdir? Yunq buna belə bir izahat vermişdir. Arxetip "ibtidai obraz" olub burada kollektiv təhtəlşüurun məzmunu şüurda açıq ifadə ounan meyllərlə və baxışlarla təmsil olunmuşdur.

Yunqun dərin məzmunlu əsərlərindən biri "Psixoloji tiplər"dir. Demək olar ki, insan haqqında, onun psixoloji mahiyyəti haqqında bundan güclü və kamil tədqiqat əsəri təsəvvür etmək çətindir.

Yunq yaradıcılığının son dövründə üzünü Şərq fəlsəfəsinə tutub Tibet və Çin fəlsəfə kitablarına psixoloji şərhlər yazdı. Hətta kimyagərliyin yeni psixoloji izahını verdi.

Freydizmi yeni dövrdə yeni Freydizm kimi təbliğ edən alman- amerikan filosofu, sosioloqu Erix Fromm (1900–1980) olmuşdur. Fromm freydizmin sosial tənqidi ilə məşğul olmuşdur. O, faşizmi sosial hadisə kimi tədqiq edən "Adolf Hitler

Nekrofilinin klinik hadisəsi" (1978) əsərini və "Azadlıqdan qaçış" (1941), "Məhəbbət sənəti" (1956), "Ümidlər inqilabı" (1968), "Malik olmaq, yaxud mövcud olmaq" (1976) və s. əsərləri ilə məşhur olmuşdur. Frommun diqqət mərkəzində fərdin subyektiv– şəxsi fəaliyyəti kimi yox, ontoloji fakt kimi götürülmüş insanın mövcudluğunun ziddiyyətləri durur. Fromm aşağıdakı dixotomiyaları fərqləndirməyə çalışır: insanların həyatının təşkilinin patriarxal və matriarxal prinsipləri; avtoritar və humanist şüur; xarakterin istismarçı və reseptiv (üzü yola) tipləri; malikolma və varlıq fərdin həyatının iki üsulu kimi və s. Fromma görə, müasir sivilizasiya insanların fərdi, eqoist cəhətləri ucbatından məhv olacaqdır. "Malikolma ehtirası" sinfi münasibətlərə doğru aparır. Kommunistlərin sinfi mübarizəsi də doğru deyildir. Çünki qeyri– məhdud tələbat prinsipi həyatın məqsədi kimi göstərilir. Hamı daha çox şeyə malik olmağa cəhd edir. Bu isə şübhəsiz siniflərin yaranmasına və onların arasındakı mübarizə isə özlüyündə qlobal miqyasda xalqlar arasında müharibələrə səbəb olacaqdır. "Acgözlük və sülh bir– birini inkar edir". Böyük həyat müəllimləri Budda və Xristos öz sistemlərində mərkəzi yeri ona vermişdilər ki, mülkiyyətə malik olmadan yaşamağı öyrənmək vacibdir.

Pozitivizm XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan biri də pozitivizmdir, banisi fransız filosofu və sosioloqu Ogüst Kont hesab olunur.

Pozitivizm konkret elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi sayır və fəlsəfi tədqiqatın idraki əhəmiyyətini inkar edir, nəzəri spekulyativliyi, biliklər əldə etməyin vasitəsi kimi abstraktlaşdırmanı qəbul etmirdi. Mahiyyətinə görə pozitvıizm müəyyən münasibətlərdə ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir.

Bu cərəyanın idealarına əsasən, cəmiyyətdə baş verən hər hansı bir hadisəni və hər hansı bir insanın hərəkətini onun yaşadığı mühitə baxaraq başa düşmək olar. Misal üçün, pozitivizm cərəyanının ən görkəmli nümayəndələrindən biri olan Emile Durkheim (fransız) hər kəsə bir individual hərəkət kimi görsənən intihar hadisəsini cəmiyyət tərəfindən təsirləndiyini və ortaya çıxdığını apardığı empirik araşdırmalarla sübut etmişdir, amma təbii ki bütün intihar hadisələri cəmiyyətin təsirindən baş vermir. Durkheim araşdırmalarının nəticəsində müəyyən etmişdir ki, sosial-iqtisadi və yaxud siyasi böhran keçirən, sosial və ya dini dəyərlərin insanların həyatına ifrat dərəcədə təsir edən, insanın azadlığının nəzərə çarpacaq dərəcədə məhdud olduğu cəmiyyətlərdə intihar hadisələrinin sayı adətən yüksək olur. Durkheimin bu möhtəşəm və müasir dünyamızda da ekspertlər tərəfindən istinad edilən araşdırması sosiologiya elminin problemləri dərk etmək cəhətdən nə dərəcədə dəyərli elm olduğunu sübut edir.

İstifadə olunan metodlar statistik məlimatları tədqiqat, intervyular və uzun müddətli zamanda bir qrupun tədqiqat metodlarıdır.

Pozitivizmin inkişafında üç mərhələ fərqləndirilir:

I mərhələ I mərhələnin nümayəndələri O. Kont, E. Litter, P. Laffit (Fransa), Con Stüart Mill, Herbert Spenser (İngiltərə) olmuşlar. Qnoseologiya — idrakın inkişafının 3 mərhələsi qanunu (Kont), və məntiq problemləri ilə (Mill) yanaşı pozitivistlər sosiologiyaya da mühüm yer vermişlər

II mərhələ II mərhələnin — Empiriokritisizmin meydana gəlməsi XIX əsrin 70–90-cı illərinə təsadüf edir və obyektiv, real predmetləri hətta formal olaraq qəbul etməyən Max və Avenariusun adları ilə bağlıdır. Maxizmdə idrak problemləri subyektivizmə keçən ifrat psixologizm mövqeyindən şərh olunurdu.

III mərhələ III mərhələ kimi- Neopozitivizmin meydana gəlməsi Vyana dərnəyinin (O. Neyrat, R. Karnap, M. Şlik və s.) və Berlin empirik fəlsəfə cəmiyyətinin (Reyxenbax, F. Krauz və s.) fəaliyyəti ilə bağlıdır ki, bunlar da bir çox cərəyanları — məntiqi atomizmi, məntiqi pozitivizmi, ümumi semantikanı özündə birləşdirmişdir. Bu mərhələnin nümayəndələri simvolik məntiq, elmi tədqiqatın strukturu və s. fəlsəfi problemlərə əsas yer verərək, psixologizmi rədd edir, "elm məntiqinin" riyaziyyatla yaxınlaşdırılması, qnoseoloji problemlərin formallaşdırılması yolu ilə getmişlər.

Transsendentalizm Transsendentalizm 1830–1860-cı illərdə ABŞ-də ədəbi-fəlsəfi hərəkatdır.

1836-cı ildə ABŞ-də Transsendental klubun əsasını qoymuş idealist filosof və yazıçılar qrupuna Ralf Uold Emerson , C. Ripli T. Parker M. Fuller, Henri Devid Toro və başqaları daxil idi. Transsendentalistlər sensualizmə mənfi münasibətini bildirir, Kant və Fixtenin, Yakobinin və Şleyermaxerin fəlsəfəsi ilə öz əlaqəsini qeyd edirdilər.

Onların dünyagörüşünə Amerikan puritanizminin etik-sosial ideyaları, Platonun, ingilis romantik şairlərinin – C. Kolric, U. Vordsvortun "Göl məktəbi", Karleylin və Jan Jak Russonun baxışları dərin təsir göstərmişdir.

Romantizm və xırda burjua demokratizmi mövqelərindən kapitalizmin amansızlığını tənqid etmiş, sosial münaqişələrin həllində mənəvi özünütəkmilləşdirməyə diqqət yetirmiş, təbiətlə yaxınlaşmağa çağırmışlar.

Bir çox transsendentalistlər ABŞ-da köhnəliyə qarşı fəal çıxış etmişlər. 1841-ci ildə C. Ripli yazıçı H. Qotorn və başqaları ilə birlikdə Boston yaxınlığındakı "Bruk Farm" adlı furyerist koloniya təşkil etmişlər. Baxışları Ralf Uold Emersonun "Təbiət" əsərində tam şəkildə ifadə olunmuş transsendentalistlər Amerika ədəbiyyatı və fəlsəfəsinin inkişafında müəyyən iz qoymuşlar.

Postanarxizm Postanarxizm postmodernizm və poststruktualizmin qarışığından yaranmış anarxist fəlsəfi cərəyan. Postanarxizm sadə bir fikir olmayıb, Jak Lakan, Jil Dilöz, Mişel Fuko kimi poststruktualist müəlliflərdən, Ernesto Laklau, Şantal Muff və Jak Rensiyer kimi postmarksist müəlliflərin fikirlərinin birliyindən doğmuş, Emma Qoldman, Maks Ştirner, Fridrix Nitsşedən bəhrələnmişdir. Postanarxist filosoflar əsasən klassik anarxizmi tənqid edən anarxist şəxslərdir. Termin 1987-ci ildə postanarxist filosof Hakim Bey tərəfindən elmə gətirilmişdir.

Əsas xarakteristikası Diskursdakı subyektin yerinin dəyişməsi Repressiv hipotezin tənqidi Qərb düşüncəsindəki ikili müxalifətin ləğvi Cinsi rolların feminist poststruktualizm mövqeyindən dekonstruksiyası.

SSRİ fəlsəfəsi SSRİ fəlsəfəsi — XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur.