Taleh Adil oğlu Kərimov () — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının mayoru; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Qubadlının azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Taleh Adil oğlu Kərimov 1985-ci il, martın 6-da Sumqayıt şəhərində anadan olub.
2003-cü ildə Sumqayıt şəhərində "İstedad" liseyindən məzun olub. 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 22 iyun 2007-ci il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 13 il ərzində motoatıcı taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi - kəşfiyyat taqımının komandiri, kəşfiyyat bölməsi rəisinin məlumatların toplanması üzrə köməkçisi, hərbi hissənin kəşfiyyat rəisi - kəşfiyyat bölməsinin rəisi, Kəşfiyyat Baş İdarəsinin Kəşfiyyat İdarəsinin Planlaşdırma və əlaqələndirmə şöbəsinin qoşun kəşfiyyatı bölməsinin baş zabiti vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində qatılıb. Oktyabrın 31-də Qubadlı rayonu istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar