Ksani qalası (), yaxud başqa adı ilə Mtkvari qalası (, mt'k'vris tsikhe ) — Şərqi Gürcüstanın Msxeta-Mtianeti bölgəsində yerləşən qaladır. Strateji olaraq Ksani və Mtkvari (Kür) çaylarının kəsişməsinə baxan təpənin üzərində yerləşir. 1512-ci ildə Muxrani knyazı I Baqrat tərəfindən inşa edilmiş və 1746-cı ildə yenidən tikilmişdir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına əlavə edilmişdir.
Yeri və planı Ksani qalası Msxeta-Mtianeti bölgəsindəki Msxeta bələdiyyəsinə tabe olan Tsihisdziri kəndində yerləşir. Qala Ksani çayının sol sahilində, 600 metr hündürlüyündəki Sarkineti dağının zirvəsində yerləşir. Abidə strateji cəhətdən Ksani və Kür çaylarının kəsişmə nöqtələrində inşa edilmişdir. Qalaya yalnız cənub-qərbdən daxil olmaq mümkündür. Həmçinin qaladan hər iki çay vadisinin mənzərəsi görünür. Bölgədəki hakim mövqeyi sayəsində Gürcüstanın şərq-qərb magistral yolundan qalanı görmək mümkündür.
Qala çoxbucaqlı şəklində inşa edilmişdir. Binanın tikintisində çay daşından istifadə edilmişdir. XVIII əsrdəki yenidənqurma zamanı daş və kərpicdən də istifadə edilmişdir. Divarlar müxtəlif ölçülü və formalı bürc və qüllələr ilə möhkəmləndirilmişdir. Həmçinin silindrli pəncərələr və dəyirmi rəflər də əlavə edilmişdir. Həyətdə hovuz və şərab anbarı yerləşir. Su qalaya dağ silsiləsi boyunca bir neçə kilometr uzanan tağlı su yolu ilə çatdırılır.Закарая, П. (1983) Памятники Восточной Грузии. Искусство, Москва, 376 с. [Zakaraya, P. Monuments of Eastern Georgia](In Russian)
Tarixi Qala erkən tarixi qeydlərdə Mtkvari və ya Mtveri kimi tanınır, lakin "Ksani" adı daha məşhurdur və geniş istifadə olunur. Qala knyaz Baqrat tərəfindən inşa edilmişdir. Baqrat Muxrani bölgəsini qardaşı çar X Daviddən aldı və burada öz knyazlığını qurdu. Bu dövrdə qalaya Kaxeti çarı II Georgi tərəfindən yürüş təşkil edildi. II Georgi qalanı 3 ay mühasirədə saxlasa da, bu mühasirə heç bir nəticə vermədi. 1513-cü ildə II Georgi Baqrat tərəfindən əsir alındı və həbs edildi. Qala bundan sonrakı dövrlərdə Muxrani sülaləsinin iqamətgahı olmuşdur. 1746-cı ildə Muxrani knyazı III Konstantin trəfindən yenidən inşa etdirilmişdir.
İstinadlar
Ədəbiyyat
ზაქარაია პ., საქართველოს ძველი ქალაქები და ციხეები, თბ., 1973; ზაქარაია პ., ქსნის ციხე, თბ.,1960. ბერიძე ვ., XVI-XVIII საუკუნეების ქართული ხუროთმოძღვრება, ტ. I, თბ.,1983. ციციშვილი ირ., ქართული ხელოვნების ისტორია, თბ., 1995.
Kateqoriya:Gürcüstan qəsrləri Kateqoriya:Gürcüstandakı arxeoloji abidələr