Mustafa Zəkəriyyə oğlu Quliyev () — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, tənqidçi və publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq maarif komissarı (1922–1927, 1928–1929). Azərbaycan pedaqoji mühitinin təlim tərbiyəsində böyük rol oynamış bir əsrlik qocaman tarixi "Azərbaycan məktəbi" jurnalnın ilk baş redaktoru olmuşdur.
Həyatı Mustafa Zəkəriyyə oğlu Quliyev -cü ildə Nuxa (Şəki) şəhərində xırda tacir ailəsində anadan olmuşdur. 1907–1913-cü illərdə Tiflisdə İmperator I Aleksandr gimnaziyasında oxuyaraq 8 siniflik tam orta təhsilini bitirmiş, 1913-cü ildən Kiyev Müqəddəs Vladimir Universitetinin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsində təhsilini davam etdirmişdir. Tələbə olarkən, 1918-ci ilin yanvarında Kiyevdə bolşeviklər partiyasına daxil olmuşdur. Təhsilini başa vursa da, Kiyevdə qalaraq qısa müddət sonra Rusiya K(b)P Kiyev Komitəsində tatar (türk) bölməsinin sədri olmuş və bu vəzifədə 1919-cu ilədək çalışmışdır.
1919-cu ildə Mustafa Quliyev Bakıya gələrək bolşevik fəaliyyətini davam etdirmiş, çox keçmədən Lənkərana göndərilərək orada Əli Məmmədov, Şirəli Axundov və başqaları ilə partiya özəkləri yaratmış, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lənkəran Qəza İnqilab Komitəsinin sədri təyin edilmişdir. 1921–1922-ci illərdə Bakıda Azərbaycan K(b)P Qaraşəhər Rayon Komitəsinin katibi işləmiş, 1922-ci ilin iyun ayında Azərbaycan SSR xalq maarif komissarı təyin edilmişdir. Paralel olaraq 1923–1926-cı illərdə "Maarif və mədəniyyət" jurnalının redaktoru olmuş, 1924-cü ildən isə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda siyasi iqtisadiyyat üzrə müəllim işləmişdir.
Mustafa Quliyev 1927–1928-ci illərədə AK(b)P Bakı Şəhər Komitəsində Təşviqat və təbliğat şöbəsinin müdiri işləmiş, 1928–1929-cu illərdə yenidən Azərbaycan xalq maarif komissarı vəzifəsinə qaytarılmışdır. Daha sonra Qırmızı Professorlar İnstitutunda təhsil almış, buranı 1933-cü ildə bitirmişdir. 1934-cü ildə Qazaxıstanda Turbat Maşın-Traktor Stansiyasının siyasi idarəsinin rəisi, 1935–1937-ci illərdə isə ÜİK(b)P Çimkənd Şəhər Komitəsinin katibi olmuşdur. 1937-ci ildə Odessaya qayıdaraq Ukrayna K(b)P Odessa Vilayət Komitəsinin Məktəb və elm şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Həbsi və ölümü Mustafa Quliyev 5 iyul 1937-ci ildə Ukrayna Xalq Daxili İşlər Komissarlığının Odessa Vilayət İdarəsi tərəfindən həbs edilmiş, növbəti ay, avqustun 4-də isə Bakıya gətirilmişdir. Dekabrın 1-də o, xalq düşməni adı ilə partiyadan çıxarılmış, 3 iyul 1938-ci ildə isə güllələnmişdir.
19 avqust 1955-ci ildə Mustafa Quluyevin Bakıda yaşayan və Mariya Vladimirovnadan olan qızı Səltənət Quliyev xüsusi işlər üzrə hərbi prokurorun müavini Çesnokova ərizə yazaraq atasının günahsız olduğunu bildirmiş və ona bəraət verilməsini xahiş etmişdir. Növbəti il, 1956-cı ildə ona bəraət verilmişdir. 19 mart 1957-ci ildə isə partiya üzvlüyü bərpa olunmuşdur.
Əsərləri Azərbaycanda Oktyabr düşmənləri (1927) Mədəni inqilab və islam (1928) Türk qadınının yolu (1930) Oktyabr və türk ədəbiyyatı (1930) Cinayət nədir və hardan baş verir (1935)
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan SSR xalq maarifi komissarları Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar Kateqoriya:Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunları Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Rusiya imperiyasındakı Tiflis gimnaziyalarının məzunları Kateqoriya:Azərbaycan Kommunist Partiyası rayon komitələrinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR qəzalarının inqilab komitələrinin sədrləri Kateqoriya:RK(b)P-nin XI qurultayının nümayəndələri Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar