Xanağabulaq — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Qazanzəmi kənd inzibati ərazi dairəsində kənd.
Coğrafiyası Xanağabulaq kəndi təqribən 1178 m hündürlükdə yerləşir.
Tarixi A.S.Ş.C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az. XTUİ) tərəfindən 1933-cü ildə dərc edilmiş "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Cəbrayıl rayonunun Dağtumas kənd şurasının tərkibində Xanağbulaq məskun yeri qeyd olunurdu.
Azərbaycan SSR 1961-ci il üçün olan vəziyyətə görə tərtib edilmiş inzibati ərazi bölgüsündə Cəbrayıl rayonunun tərkibində Xanağbulaq və ya Xanağabulaq adında yaşayış məntəqəsi qeyd olunmur. Azərbaycan SSR 1977-ci il üçün olan vəziyyətə görə tərtib edilmiş inzibati ərazi bölgüsündə də Cəbrayıl rayonunun tərkibində Xanağbulaq və ya Xanağabulaq adında yaşayış məntəqəsi qeyd olunmur.
Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Xanağabulaq kəndi Dağ Tumas kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Dağ Tumas kənd Sovetindən Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir.
Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Rayonun Xanağabulaq kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İkinci Qarabağ müharibəsi zamanı, 28 oktyabr 2020-ci ildə kənd Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdi.
Əhalisi A.S.Ş.C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az. XTUİ) tərəfindən 1933-cü ildə dərc edilmiş "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Cəbrayıl rayonunun Dağtumas kənd şurasına daxil olan Xanağbulaq məskun yerində 7 fərdi təsərrüfat və 19 sakin var idi. Sakinlərin 10-u kişi, 9-u qadın idi. Kənd şurasının bütün əhalisi azərbaycanlılardan (mənbədə "türklər" kimi göstərilmiş) ibarət idi.
İqtisadiyyatı İşğal vaxtı kənd dağıntılığa məruz qalmışdı.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri