Nemət Abbasəli oğlu Qasımov () — professor, ABŞ-nin İllinoys EA-nın həqiqi üzvü (1986), Azərbaycan Respublikasının "Əməkdar elm xadimi".
Həyatı 1940-cı il yanvar ayının 27-də Naxçıvan MR-nın Babək rayonunun Didivar kəndində anadan olmuşdur. Nemət Qasımov 2016-cı il dekabr ayının 16-da vəfat etmişdir.
1963-cü ildə ADU-nun (indiki BDU) biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1963–1966-cı illərdə ADU-nun Bitki fiziologiyası kafedrasının aspirantı olmuş, 1967-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1980-ci ildə professor elmi adı almışdır.
N. Qasımov xlorionunun bitkiyə daxil olmasının kinetik qanunauyğunluqları və bitkilərin duzla intoksikasiyasının "Enerji aclığı" konsepsiyasının müəllifidir və bu barədə 1975-ci ildə Sankt-Peterburqda keçirilən XII Beynəlxalq Botanika konqresində məruzə ilə keçmiş SSRİ-ni təmsil etmişdir.1967–1970-ci illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda elmi işçi,1978–1988-ci illərdə ADU-nun Biologiya fakültəsinin dekanı, sonralar Bitki fiziologiyası kafedrasının müdiri vəzifəsində çalışmışdır.
N. A. Qasımov 1986-cı ildə ABŞ-nin İllinoys EA-nın həqiqi üzvü seçilmişdir. 1991-ci ildə ABŞ-nin Şimali İllinoys Universitetinə dəvət olunmuşdur. Həmin universitetdə 40 gün müddətində elmi-pedaqoji ezamiyyətdə olmuş, müəllim və tələbələrlə görüşlər keçirmiş, universitetin elmi seminarlarında "Duz tənəffüsü" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Onun Türkiyə, Rusiya, Bolqarıstan, Qazaxıstan, Ukrayna, Özbəkistan və digər ölkələrdə 100-dən çox elmi əsəri, dərslik və monoqrafiyaları çap edilmişdir.
N. Qasımov 7 dissertasiya işinə elmi rəhbərlik etmiş, onlarla dissertasiya işinin rəsmi opponenti, BDU-nun və biologiya fakültəsinin Elmi Şuralarının,"Bakı Universitetinin Xəbərləri" elmi jurnalının redaksiya heyətinin üzvü olmuşdur.1998-ci ildən İngiltərə-Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin Direktorunun Avropa üzrə və ABŞ Bioqrafiya İnstitutunun səlahiyyətli nümayəndəsi olmuşdur.
Mükafatları 1997-ci ildə Professor N. Qasımov "XX əsrin 2000 görkəmli adamı" diplomu və gümüş medalı 1998-ci ildə ABŞ Bioqrafiya İnstitutu tərəfindən "Qızıl heykəl" İngiltərə-Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "Qızıl ulduz" (1998) Kembric BBM Avropa üzrə Baş Direktorunun (1998) və ABŞ Bioqrafiya İnstititunun səlahiyyətli nümayəndəsinin diplomu və gümüş medalı (1999) ilə təltif edilmişdir. 2000-ci ildə Professor N. A. Qasımov Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş 30.10.2009-cu ildə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
İstinadlar