Davud (David; ) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə. təqr. 973 il). Yəhudi folklorunda Davud nəhəng pəhləvan Caluta qalib gələn cəsur gənc kimi təsvir olunur. Bibliyada Davuda aid Zəbur kitabı var. İslamda Davud Məhəmməddən əvvəlki peyğəmbərlərdən hesab olunur.
Ailəsi Süleyman peyğəmbərin atasıdır
DAVUD PEYĞƏMBƏR Bəni-İsrail Yuşə ibni Nundan sonra bölündü. Daha doğrusu onlar Allah qarşısında fərmansızlıq etdilər. Düşmənlər bu fürsəti qənimət bilib bəzi şəhərləri və torpaqları Bəni-İsrailin əlindən aldılar. Bəni-İsrailin müharibədə çoxlu əsgərləri tələf oldu.
Bəni-İsrailin bir tabutu var idi. Bəzi rəvayətlərə görə, tabutun uzunluğu üç dirsək və eni iki dirsək olub. Tabutun içindəkilərə və ya başqa bir səbəbə görə, Allah taala ona bir xüsusiyyət bəxş etmişdi ki, hər vaxt Bəni-İsrail düşmənlə vuruşa getmək istəyəndə həmin tabutu qoşunun qabağında qoyurdular. Bu da Bəni-İsrailin qəlblərinin rahatlığına və düşmənə qələbə çalmasına səbəb olurdu. Hətta bəzi rəvayətlərə əsasən, tabut Bəni-İsraillə danışır və xeyir-şərrlərini onlara bəyan edirdi. Bəzi alimlərin dediyinə görə, elə həmin iman onların qəlblərinə təskinlik verirdi. Bu da Bəni-İsrailin hidayətinə səbəb olurdu.
Bəni-İsrailin törətdiyi fitnə-fəsad, zülm, tüğyan və günahlar, şərəf və qüdrətlərinin əldən çıxması ilə bərabər oldu. Düşmənin istismarına məruz qaldılar. Nəhayət müharibələrdən birində "müqəddəs tabut" da düşmən əlinə keçdi. Ondan sonra məğlubiyyət hissi və ruhiyyəsizlik Bəni-İsraildə daha da gücləndi. İş o yerə çatdı ki, Bəni-İsrailin düşmənləri və padşahlardan biri olan Calut onlardan bac aldı. Bununla da Bəni-İsrail xar və zəlil oldu.
Əli İbni İbrahim öz təfsirində İmam Baqirdən (ə) rəvayət edir ki, o zamana qədər Bəni-İsrail tayfasında peyğəmbərlik məqamı Lavi nəslində idi. Allah taala Bəni-İsrail peyğəmbərlərini onun övladlarının arasından seçirdi. Padşahlıq və səltənət isə Yusifin nəslinə, onun övladlarına çatırdı.
İŞMUİL VƏ TALUT Allah taala Levi nəslindən İşmuil , Şamuel və ya Şimuil adında bir peyğəmbər seçdi. İlahi peyğəmbər qırx il zəhmət və çətinliklərdən sonra Bəni-İsrailin siyasi vəziyyətini müəyyən qədər səhmana saldı. Onların çoxunu bütpərəstlikdən və zəlalətdən xilas etdi.
Bəni-İsrail düşmənlərlə müharibə etmək, öz torpaqlarını işğal altından çıxartmaq, əvvəlki şərəf və qüdrətlərini bir daha qazanmaq üçün İşmuil peyğəmbərə dedilər ki, onlar üçün bir padşah təyin etsin. İşmuil peyğəmbər Allahın hökmü ilə Talutu (Şaul) onlar üçün padşah seçdi. Bu hadisəni Allah taala Qurani-Kərimin "Bəqərə" surəsində belə bəyan edir:
"Bəni-İsrail başçılarından ibarət dəstənin Musadan (ə) sonrakı peyğəmbərə belə dediklərini eşitmədinmi?" Allah yolunda mübarizə etmək üçün bizə padşah tə’yin et! O dedi: -"Bəlkə sizin üçün mübarizə yolu yazılarsa mübarizə etmədiniz?" (yəni Allahın əmrindən boyun qaçırdınız) Dedilər: -"Nəyə görə mübarizə etməməliyik. Halbuki, öz vətənimiz və övladlarımızdan uzaq düşmüşük." Mübarizə onlar üçün təyin edildikdən sonra az bir dəstədən başqa (düşmənlə müharibə etməkdən) hamı üz çevirdi. Allah zalım və nadanların işindən xəbərdardır. Peyğəmbərləri onlara dedi: -"Allah Talutu sizə padşah təyin etdi". Onlar (etirazla) dedilər: -"Padşahlığa bizim layiq olduğumuz və onun mal-dövləti aldadıcı (çoxlu mal-dövlət yox idi) olan halda o, necə bizim padşahımız olacaq?"
Beləliklə, İşmuil Talutun padşahlıq əlamətini onlar üçün açıqladı və onların iradına cavab verdi. Talut Bəni-İsrailə qaytarılması haqda belə yazırlar:
Bəni-İsrailin düşmənləri tabutu onlardan alandan sonra bütxanaya gətirib qoydular. Bir neçə gündən sonra boyunlarında ağrı hiss etdilər. Başa düşdülər ki, bu ağrı həmin tabutun təsiridir. Tabutu bütxanadan çıxartmağa məcbur oldular. Onun yerini dəyişdirdilər. Lakin tabutu hara aparırdılarsa orada bəla, ölüm və vəba kimi xəstəliklər yayılırdı. Axırda tabutu Bəni-İsrailə qaytarmağı qərara aldılar. Tabutu bir taxtın üstünə qoydular, taxtı iki inəyə bağladılar. İlahi mələklər inəkləri Bəni-İsrail tərəfə hərəkət etdirdilər. Tabut Bəni-İsrailə qaytarıldı.
Bəni-İsrail tabutu görəndən sonra Taluta itaət etməyə və onun fərmanına əməl etməyə öz hazırlıqlarını bildirdilər. Talut da onları Calutla müharibəyə apardı.
Qurani-Kərim əhvalatın ardınca belə buyurur:
"Talut qoşunu yola düşdüyü zaman onlara dedi: -"Allah sizi bir bulaq ilə imtahana çəkdi. Sudan bir ovuc götürəni çıxmaq şərti ilə kim o sudan içməzsə, mənim tərəfimdədir. (Bulağa çatarkən) bir neçə nəfərdən başqa (digərləri) o bulaqdan su içdilər."
Talutun səksən minlik, yaxud da yetmiş minlik qoşunu möhkəm susamışdılar. Talut onlara dedi: -"Sizin yolunuzun üstündə çay axır. Amma hər kəs bir ovuc sudan çox içsə, mənim tərəfdarım deyil. Bu, Allahın sizin üçün qoyduğu imtahandır. Burada mənim fərmanıma əməl edənlər və fərmanımdan boyun qaçıranlar məlum olacaq".
Lakin suya çatandan sonra yalnız üç yüz nəfər Talutun hökmünə əməl etdi. Qoşunun qalan hissəsi ürəkləri istədiyi qədər su içdilər. Elə bu da onların daha çox susamalarına səbəb olmuşdu. Müharibə meydanında da öz qüdrətlərini itirib dedilər: -"Bu gün Calut və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur."
Amma Talutun göstərişinə əməl edib bir ovuc sudan çox su içməyənlərin susuzluğu aradan getdi və döyüş meydanında da öz hazırlıqlarını elan etdilər. Onlar düşmənin çoxsaylı qoşunundan qorxmayaraq dedilər:
-"Az əsgərləri olan dəstələr Allahın köməyi ilə çox qoşunu olan düşmənlərinə qələbə çalmışlar və Allah səbir edənlərin dayağıdır."
Onlar Allah taaladan kömək istəyərək dedilər:
-"Pərvərdigara, bizə səbir və dözüm ver, bizi kafirlərin dəstəsinə qalib et."
Beləliklə, ixlas və itaət əhli münafiq insanlardan seçildi. Talut başa düşdü ki, qoşunun çoxunu iradəsiz və qorxaq insanlar təşkil etmişdir. Onlar imtahan günü öz günahkar ruhiyyələrini və daxili fərmansızlıqlarını aşkara çıxartdılar.
DAVUDUN ƏLİ İLƏ CALUTUN ÖLDÜRÜLMƏSİ VƏ BƏNİ-İSRAİLİN QƏLƏBƏSİ İki qoşun üz-üzə gəldi. Bir-birinin qarşısında sıraya düzüldülər. Talutun əsgərləri arasında üç qardaş gözə çarpırdı. Bu üç qardaşın İşa adında qoca atası və Davud adında kiçik bir qardaşı var idi. İşa üç oğlunu Talutun qoşunuyla müharibəyə göndərdi. Amma Davudu qoyunları otarmaq və özünə kömək üçün saxladı. Çünki Davudun müharibəyə hazırlığı yox idi. İşa fikirləşirdi ki, Calutun qoşunu ilə vuruşmağa Davudun kifayət qədər qüdrəti yoxdur. Bir müddətdən sonra İşa gördü ki, müharibə çətinləşib, döyüşün vaxtı uzanıb və Talutun qoşunun işi ağırlaşıbdır. O, Davudu çağırıb dedi:
-"Qardaşların üçün yemək apar. Həm də müharibə meydanındakı vəziyyətdən mənim üçün təzə xəbər gətir".
Davud qoyunları otarmağa aparanda heyvanların hücum etməyib, qoyunları ram etmək üçün çox vaxt özü ilə gəzdirdiyi sapandını özü ilə götürdü. Qardaşlarının yeməyini də götürüb müharibə meydanına tərəf yola düşdü. O, yol gedərkən yerdən üç daş götürüb özüylə apardı.
Davud meydana girən kimi gördü ki, Talutun əsgərləri Calutu tərifləyir və onun cürətindən söz açırlar. Davud onlara dedi:
-"Nə üçün Calutdan qorxur və onu tərifləyirsiniz? And olsun Allaha, əgər onu görsəm öldürəcəyəm".
Əsgərlər Davudun sözünü Taluta çatdırdılar. Talut onu öz yanına çağırıb soruşdu: -"Sənin gücün nə qədərdir? Öz qüvvəni necə təcrübə etmisən?" Davud dedi: -"Bəzi vaxt yırtıcı şir qoyunlarıma hücum edib onlardan birini götürüb aparır. Mən şirin ardıyca gedib şirin başını bədənindən ayırmışam. Öz əllərimlə şirin çənəsini bir-birindən ayırıb qoyunu ağzından çıxartmışam."
Bundan əvvəl Allah taala Taluta vəhy etmişdi ki, Calutun qatili sənin zirehini geyinəcək və əyninə də yaxşı qalacaq. Bu zaman Talut öz zirehini Davuda geyindirdi. Gördü ki, zireh onun əyninə yaxşı qalır. Bu hadisə Talutu və onun yanındakıları təəccübə gətirdi. Talut dedi: -"Ümidvaram ki, Allah taala Calutu bu cavanın əli ilə məhv edəcək".
Başqa bir gün iki qoşun döyüşə hazırlaşdı. Davud dedi:
-"Calutu mənə göstərin".
Calutu ona göstərdilər. Davud daşı sapanda qoyub Calutun alnını nişan aldı. Daşı atdı. Daş Calutun başını yardı. Davud ikinci və üçüncü daşı da sapanda qoyub Calutu vuraraq öldürdü və onun qoşununa vəlvələ saldı. Calutun qoşunu məğlub oldu.
Davudun adı dillərə düşdü. O, zaman keçdikcə məşhurlaşdı. Bəni-İsrail onu özlərinə rəhbər seçdi. Allah taala da Davudu peyğəmbərliyə çatdırdı.
Tarix kitabları və sünni təriqi ilə nəql olunmuş rəvayətlər göstərir ki, Talut öz qızını Davudla evləndirdi. Ondan sonra Davuda paxıllığı tutub onu öldürmək fikrinə düşdü. Amma Allah taala Davudu onun şərrindən qorudu. Lakin bu hədislərin sənədi düz deyil. Çünki, Allah taala Talutu onun elmi və hikmətilə tərif edib. Bəni-İsrail rəhbərliyini ona tapşırıb, ona görə də Taluta bu töhməti vurmaq olmaz. Elə buna görə də Nəccarın nəql etdiyi Talutun bu macərasının bu hissəsinə etirazımızı bildirmirik və bununla da bu fəsli burada bitmiş elan edirik.
ALLAH-TAALANIN DAVUDA ETDİYİ BƏXŞİŞ Allah taala peyğəmbərlik məqamından başqa Bəni-İsrailin səltənətini də Davuda bəxş etdi. Davud iki böyük məqama yetişdi. Allah taala başqa nemətləri də Davuda nəsib etdi. O cümlədən "Ənbiya" surəsində buyurur:
-" Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tə'rifləsinlər deyə ona ram etdik. Bunları Biz etmişdik. Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini öyrətdik. "
Əlbəttə, dağların və quşların Davudla etdikləri təsbihin necəliyi haqqında təfsir kitablarında müxtəlif fikirlər deyilmişdir. Bəzi təfsirçilərin nəzərinə görə, dağlar və quşlar möcüzə üzündən Davudla gəzirdilər. Onlar Davudun fərmanı altında idilər. Başqa alimlərin dediklərinə görə isə dağlar və quşlar Davudla birlikdə təsbih deyirdilər. Yəni Davud Allaha zikr etdikcə onlar da zikr edirdilər.
Tarix və rəvayətlərə əsasən Allah taala dəmiri Davudun əlində yumşaldırdı. Davud dəmiri odda qızdırmadan onu öz əlində mum kimi əridib nazik məftil edərək zireh düzəldirdi. Təfsir alimi Qutadə yazır: "İlk dəfə Davud zireh düzəldib və müharibələrdə ondan istifadə ediblər."
Həmçinin "Səba" surəsinin 10–11-ci ayələrində Allah taala buyurur:
-"Davuda Öz tərəfimizdən üstünlük verdik (dedik): -"Ey dağlar, onunla həmahəng olun və ey quşlar! Dəmiri onun üçün yumşaltdıq (ona dedik), kamil zireh düzəlt və onun halqalarını eyni ölçüdə et, layiqli işlər görün ki, sizin etdiyiniz hər şeyi görürəm."
Allah taala "Sad" surəsində buyurur:
-"…Qüvvə sahibi olan bəndəmiz Davudu xatırla ki, həqiqətən o, (Allaha sarı) çox müraciət edən idi. Biz dağları onun üçün ram etdik ki, gecə və gün doğan zaman onunla təsbih edirdilər. Quşları da hamılıqla (onun üçün ram etdik). Onun padşahlığını möhkəm etdik və ona hikməti, keçərli söz əta etdik."
Bir çox təfsirçilərin dediyinə görə, son cümlənin mənası insanlar içində hakimlik elmini ona verilməsidir.
İbni Əsir yazır: "Allah taalanın Davuda verdiyi nemətlərdən biri də onun gözəl və ruhoxşayan səsi idi. Hər vaxt Zəburu oxuyanda səhranın vəhşiləri onun başına yağılırdı.
Allahın Davuda bəxş etdiyi nemətləri qısa olaraq aşağıda yazırıq:
Dağlar və quşlar Davudun ixtiyarında idi. Onlar Davudla zikr edirdilər; Dəmir Davudun əlində yumşalırdı. O, dəmiri qızdırmadan istədiyi formaya salırdı; Zireh tikmək elmi ona öyrədildi. Bu da Bəni-İsrailin müharibələrdə qələbə çalmağına səbəb olurdu; Allah taala ona cisim, elm və ibadət nöqteyi-nəzərindən böyük qüvvə vermişdi;