Vladislav Əziz oğlu Qədirov () — hücumçu mövqeyində çıxış etmiş sovet, və Azərbaycan futbolçusu. Azərbaycan milli futbol komandasının keçmiş üzvü. SSRİ idman ustası (1987).

Karyerası

Erkən illəri Vladislav Əziz oğlu Qədirov 20 avqust 1970-ci ildə Bakının Buzovna qəsəbəsində işçi ailəsində anadan olub. Atası zavod işçisi, anası isə telefonçu olub.

1977-ci ildə "Gənclik" uşaq futbol məktəbinə gedib. İlk məşqçisi Boris Tibilov olmuşdur.

Klub karyerası 1988–1991-ci illər ərzində Bakının "Neftçi" komandasının heyətində çempionat oyunlarında 93 oyun keçirib, 11 qol vurub. 1988-ci ildə bu komandanın heyətində Federasiyalar Kubokunun finalçısı olub.

1992-ci ildə Rusiyanın "Saxalin" klubuna keçib. İki il ərzində bu komandanın heyətində çempionat oyunlarında 74 oyun keçirib, 54 qol vurub. Qədirov "Saxalin" klubunun tarixində ən çox qol vurmuş futbolçudur.

1995-ci ildə "Neftçi"yə qayıtsa da, burada cəmi 2 oyun keçirdikdən sonra yenidən Rusiyaya qayıdıb və Nijni Novqorod şəhərini təmsil edən "Lokomotiv-NN" komandasına keçib. Lakin bu komandanın heyətində rəsmi görüşlərdə debüt etmədən "Arsenal Tula" komandasına transfer olunub.

1996–1997-ci ilərdə "Spartak Ryazan", 1998-ci ildə isə "Lada-Energiya" komandalarında çıxış edib.

1998-ci ildə Azərbaycana qayıdıb və "Bakı Fəhləsi" komandasının heyətində futbolçu karyerasına son qoyub.

Milli karyerası 1987-ci ildə SSRİ yığma komandasının heyətində Kanadada keçirilmiş 17 yaşlı futbolçular arasında dünya çempionatının qalibi olub.

Milli karyerası Vladislav Qədirov 13 dekabr 1994-cü ildə Avro 1996-nın seçmə oyunu çərçivəsində Fransa milli komandasına qarşı keçirilmiş görüşdə Azərbaycan milli futbol komandasının heyətində debüt edib.Азербайджан 0 : 2 Франция // Footballfacts.ru Oyun Fransa yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qədirov 1994–1996-cı illər aralığında formasını geyindiyi Azərbaycan milli futbol komandasının heyətində ümumilikdə rəsmi görüşlərdə 10 oyun keçirib.

Məşqçilik karyerası 2006/07 mövsümündə Azərbaycan Birinci Liqasında çıxış edən "Standard Sumqayıt" komandasında baş məşqçi kimi çalışıb.

2008-ci ildə "Muğan" komandasına baş məşqçi təyin olunub. Klub onun rəhbərliyi altında 15-i premyer liqada, 2-si isə Ölkə Kubokunda olmaqla ümumilikdə 17 oyun keçirib. Uğursuz nəticələr səbəbindən (1 qələbə, 2 heç-heçə, 14 məğlubiyyət) ikinci dövrənin əvvəlində istefaya göndərilib.

2009-cu ilin aprel ayında 19 və 21 yaşlılardan ibarət Azərbaycan yığmalarının seleksiyaçı məşqçisi təyin olunub.

2010/11 mövsümündə Bakının "Rəvan" komandasında baş məşqçi çalışıb və komandasını yüksək liqaya yüksəldib. 2011-ci ilin may ayında "Rəvan"ın idman direktoru təyin olunub. 2011-ci ilin sentyabr ayında "Rəvan"ın baş məşqçisi postunda Bəhmən Həsənovu əvəzləyib. 2012-ci ilin fevral ayında istefaya göndərilib.

İstinadlar

Xarici keçidlər Vladislav Qədirov Transfermarkt.com saytında Vladislav Qədirov Footballfacts.ru saytında Vladislav Qədirov Nationall-football-teams.com saytında

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Akademiya FK futbolçuları Kateqoriya:Arsenal Tula FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular