Arazın o tayında — bəstəkar Cahangir Cahangirov tərəfindən 1949-cu ildə yazılmış vokal-simfonik poema. Əsərdə 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələr təsvir olunmuşdur. Bəstəkarın bu əsəri azadlıq mübarizəsi mövzusunda yazılmışdır.

Bəstəkar Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması ona şöhrət gətirən ilk genişmiqyaslı əsərlərindən biridir. Xor, solist və simfonik orkestr üçün bəstələnən vokal-simfonik poema Cənubi Azərbaycandan olan şairlər – Mədinə Gülgün və Əli Tudənin sözlərinə yazılmışdır. Bəstəkarın əsas yaradıcılıq istiqamətini müəyyənləşdirən və inkişaf etdirən cəhətlər bu əsərdə ilk dəfə özünü büruzə vermişdir.

Cahangir Cahangirov musiqisinə xas olan epik-nəqledicilik xüsusiyyəti, poemanın əvvəlində və köməkçi partiyada hiss olunur. Poemanın proqramlı fikri ardıcıllıqla sonata formasında verilir. Poemada forma ənənəvi deyil, o, musiqi obrazlarının təşəkkülü prosesində meydana gəlir və üzvi olaraq simfonik inkişafda həyata keçirilir.

Poemanın əsas partiyası – təsirli, qəti çağırışlıdır. Mövzunun iradəli xarakteri simli alətlər və valtornanın enerjili ritmi ilə qeyd edilir. Köməkçi partiya xoşbəxtliyə, keçmişin qaranlığını dəyişərək sevincli günlərə çatan xalq obrazıdır. Əvvəlki tonallıq işıqlı As-dura keçid verir. İşlənmə bölməsi özünəməxsus sərt, kəskin ritmli mövzu ilə başlayır. Do bemolda mövcud olan orqan punktu qəddar, namərdcəsinə xalq hakimiyyətinə hücum edən qüvvələrin obrazını bir fon kimi canlandırır.

"Arazın o tayında" vokal-simfonik poeması ilk dəfə 1949-cu ilin oktyabr ayında, Bakıda Azərbaycan bəstəkarlarının yaradıcılıq baxışında dirijor, SSRİ Xalq Artisti Niyazi Tağızadə-Hacıbəyovun quruluşu və rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ifa edilmişdir.

Tarixi thumb|200px|"Arazın o tayında" vokal-simfonik poemasının müəllifi Cahangir Cahangirov. Bu əsər bəstəkarın yaradıcılığında xüsusi mərhələ təşkil edir.

Bəstəkar Cahangir Cahangirov öz yaradıcılığında vokal-instrumental musiqiyə, kütləvi mahnı janrına daha çox meyil göstərmişdir. Buna görə də, bəstəkarın yaradıcılığı Azərbaycan xor musiqisinin və kütləvi mahnılarının inkişafında böyük rol oynamışdır. Onun bəstələdiyi kantatalar, oratoriyalar, süitalar, operalar, konsertlər və vokal-simfonik əsərlər geniş dinləyici kütləsinin rəğbətini qazanmışdır.

Vokal musiqi bəstəkarın yaradıcılığında xüsusi mərhələdir. 1946-cı ildə Bakıya qayıdan bəstəkar öz musiqi təhsilini davam etdirməyə başlayır və yeni musiqi əsərləri üzərində işləməyə davam edir. 1947-ci ildə şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq "Gül camalın" və xor üçün "Qəzəl" adlı iki vokal əsəri yaradır.

1948-ci ildə isə Aleksandr Puşkinin 150 illik yubileyi münasibətilə "Soruşma" adlı xor musiqisini, xalq çalğı alətləri orkestr üçün rəqs, violin və fortepiano üçün sonatina bəstələyir. Həmin ildə xor üçün yazılmış "Soruşma" əsəri respublika müsabiqəsində mükafata layiq görülür. Bəstəkarın yaradıcılıq fəaliyyətinə 1949-cu il əlamətdar tarix kimi daxil olur.

Bəstəkar Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması ona şöhrət gətirən ilk genişmiqyaslı əsərlərindən biridir. Xor, solist və simfonik orkestr üçün bəstələnən vokal-simfonik poema əslən Cənubi Azərbaycandan olan şairlər — Mədinə Gülgün və Əli Tudənin sözlərinə yazılmışdır. Bəstəkarın əsas yaradıcılıq istiqamətini müəyyənləşdirən və inkişaf etdirən cəhətlər həmin əsərdə ilk dəfə özünü büruzə vermişdir.

Şeirlərin müəllifləri 1940-cı illərdə Cənubi Azərbaycanda baş vermiş hadisələrdən bəhs edirlər. Sözügedən dövrlər xalq yadelli sahiblərin və yerli feodalların zülmünü ataraq demokratik dövlət yaradır, lakin tezliklə bu hökumət devrilir və əvvəlki idarəetmə bərpa olunur. Çoxları bu idarəetmə mübarizəsində həlak olurlar. Buna baxmayaraq, xalq öz inamını itirmir. Şübhəsiz ki, bəstəkarın Cənubi Azərbaycanda yaşadığı dövrdəki təəssüratları poemada öz əksini tapmışdır.

Bəstəkarın azadlıq mübarizəsi mövzusuna müraciət etməsi təsadüfi deyildi. 1940-cı illərdə bu mövzu keçmiş SSRİ və Azərbaycan bəstəkarlarının yaradıcılığında da səslənmişdi. Belə ki, bu illərdə azadlıq mübarizəsi mövzusunda Fikrət Əmirovun döyüş yoldaşına həsr etdiyi "Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə" əsəri, Əşrəf Abbasovun Mirzə İbrahimovun eyniadlı romanı əsasında yazdığı "Gələcək gün" əsəri və digər bu kimi əsərlər yazılmışdır.

Poemanın son işləri 1949-cu ilin əvvəllərində tamamlanmışdır. Poemanı işləyərkən Cahangir Cahangirov 27 yaşında idi. O, Azərbaycan Dövlət Konservatoriyasının üçüncü kursunda təhsilini davam etdirirdi. "Arazın o tayında" vokal-simfonik poeması Azərbaycan musiqisində özündə simfonik və kantata-oratoriya cizgilərini birləşdirən yeni janrda yazılmış əsər oldu. Bu əsərdə Cahangir Cahangirov yaradıcılığına xas olan musiqi dilinin milli koloriti, emosional ifadələrin səmimiliyi çox qabarıq və aydın eşidilir.

Musiqilər

Giriş hissə Bəstəkar simfonik janra vokal-simfonik fraqmentlərini — xoru və solonu daxil edir. Bu sintez ilə poemanın musiqisi plakatlılıq elementlərini əldə edir və inandırıcı, başa düşülən xüsusiyyətlərlə zənginləşir. Cahangir Cahangirov zahiri görünüş yolu ilə getmir. O, insanların daxili aləmini, onlar hislərini, həyəcanlarını, əsərin əsas fikrini bədii qayda ilə açıb göstərməyə çalışır. Əsərin musiqisi epik-nəqledici formada hadisələr haqqında söhbət açır.

Cahangir Cahangirov musiqisinə xas olan epik-nəqledicilik xüsusiyyəti, poemanın əvvəlində və köməkçi partiyada hiss olunur. Qeyd edilməlidir ki, epik tendensiyalar poemada müasirlik hisləri ilə uyğun gəlir. Poemanın dinləyiciləri daim hiss edirlər ki, burada əsas mövzu uzaq keçmiş deyil, yaxın, müasir dövrdə vaqe olan hadisələrdən bəhs edilir.

Poemanın proqramlı fikri ardıcıllıqla sonata formasında verilir. Bununla yanaşı qeyd olunmalıdır ki, poemada forma ənənəvi deyil, o, musiqi obrazlarının təşəkkülü prosesində meydana gəlir və üzvi olaraq simfonik inkişafda həyata keçirilir. Xalq obrazının ona düşmən olan zülmkarlarla qarşı-qarşıya qoyulması və bir-birinə zidd olan obrazların inkişafı poemada məzmunun açılmasına kömək edir.

Ekspozisiya yerli və xarici hökumətin rəhbərlik etdiyi ölkədə hüququ olmayan məzlum xalqın təsvirini təmsil edən çox ciddi, dolğun giriş mövzusu ilə başlayır. Faqotun bəmdə səslənməsi kədərli musiqiyə bir qədər həyəcanlı xarakter verir. Hümayun ladının dövriyəsi, asta temp, aşağı registr girişin nəqlediciliyini vurğulayır.

Həyəcanlı, kədərli musiqi girişin ikinci yarısında daha da artır. Gedərək dissonanslaşan septakkordlar zənciri, orqan punktu, dominantada qeyd olunan basların boğuq zərbələri girişin ümumi ruhunu daha da gücləndirir.

Tədricən girişin sonuna yaxın melodiya donur və yalnız basların vurduqları zərb səsləri qalır — şərti olaraq "xalqın qüssəsi" adlandırılan bu mövzu poemada dəfələrlə eşidilir. Sanki xalqın kədərini yada salır, xalqı mübarizəyə təşkil edir. Bu mövzu əsasən köməkçi partiyada, işlənmədə daha çox nəzərə çarpır. Beləliklə, mövzunun təkrarı özünəməxsus şəkildə leytmotiv kimi başa düşülür.

Poemanın əsas partiyası — təsirli, qəti çağırışlıdır. Mövzunun iradəli xarakteri simli alətlər və valtornanın enerjili ritmi ilə qeyd edilir.

Zahirən temp və xarakterlə fərqlənən girişlə əsas partiyası arasında ziddiyyət hiss olunmur. Onlar sanki bir-birlərinin məntiqi nəticəsidir. Demək olar ki, bir mövzu o biri mövzunu davam etdirir.

Əsas partiyanın daha çox fərdiliyi ilə seçilən ikinci yarısına II, IV, VII əksildilmiş pillə intonasiyaları üzərində qurulmuş melodiyalar daxil olur. Əsas partiyanın mövzusu tədricən xromatizm və köməkçi səslərlə zənginləşərək daha da dinamikləşir. Diatonik melodiyaya uzun müddət sadə harmoniya da — əsas pillənin üçsəsliliyi uyğun gəlir. Harmonik dil, orkestrləşdirmə, faktura mürəkkəbləşdirilir. Alətlərin yeni dəstəsi əlavə olunur. Simlilərə ağac və mis nəfəs alətləri qoşulur. Bəstəkar lad-tonal planı qarşılaşdırma ilə zənginləşdirir — As-dur-cis-moll, D-dur-h-moll, g-moll-As-dur. Bütün bunlar mübarizəyə qalxan xalq obrazını simvolu halına çevirən əsas partiyanın ikinci bölməsində güclü inkişafa səbəb olur. İnkişafın dinamikası əsas partiyanın reprizasında da zəiflənir.

Köməkçi partiya xoşbəxtliyə, keçmişin qaranlığını dəyişərək sevincli günlərə çatan xalq obrazıdır. Əvvəlki tonallıq işıqlı As-dura keçid verir.

Xalqın həyata keçirdiyi arzularından bəhs edən rəvan melodiyanı bariton səsli solist ifa edir. Qeyd edilməlidir ki, Cahangir Cahangirovun xora olan məhəbbəti burada da özünü göstərir, solist tez-tez xora qoşulur.

Köməkçi partiya üç bölmədən ibarətdir. Müəyyən ritm, ibarənin, motivlərin arabir təkrarı köməkçi partiyada lirika ilə nəqlediciliyi birləşdirir. Bəstəkar burada xalq mahnıları elementlərini, xarakterik sekvensiya ardıcıllığını, variantlı inkişafı fərdi yaradıcılıqla istifadə edir. Eyni zamanda şəffaf orkestrləşdirmə, emosiyalı gərginlik musiqiyə mahnıvarilik verir.

Bəstəkar tərəfindən xorda "tembr uyğunluğu" çox orijinal və maraqlı tətbiq olunur. Müəllif müxtəlif nüanslara ağzı yumulmuş halda oxuma tərzindən istifadə edir.

Köməkçi partiyanın orta hissəsində mövcud olan giriş mövzusu imitasiyalı səslənərək bir daha keçmişin qaranlıq tərəflərini yada salır. Bu tematik elementlər əks-səda kimi keçir, ona görə bəstəkar solistin ifasını dayandırmır və tezliklə dinləyicinin ifasını əvvələ qaytarır.

İşlənmə bölməsi İşlənmə bölməsi özünəməxsus sərt, kəskin ritmli mövzu ilə başlayır. Do bemolda mövcud olan orqan punktu qəddar, namərdcəsinə xalq hakimiyyətinə hücum edən qüvvələrin obrazını bir fon kimi canlandırır.

İşlənmə bölməsinin üç hissəsi ardıcılıq olaraq vuruşma əzabını, mərdliyi, mübarizə əzmini və digər xüsusiyyətləri əks etdirir. Əksildilmiş kvarta intonasiyası mövzuya bir qədər sərtlik verir və işlənmə bölməsinin üç hissəsini bütünlüklə təbəqələşdirir. Bu intonasiya xüsusilə bölmənin birinci hissəsində nəzərə çarpır. Mövzusu kanonsayağı inkişaf edən marşvari epizod da diqqəti özünə cəlb edir. Onu xalqın məğlubiyyətinin qəmli təsviri əvəz edir. Hər tərəfdən öz oğullarının yasını tutan ananın fəryadı eşidilir. Xor poemanın girişindəki qəmli mövzunu bir qədər dəyişilmiş və genişləndirilmiş halda sözsüz ifa edir. Beləliklə, düşmənlərin, əvvəlki ağır həyatın gəlişini yada salan mövzu yenidən eşidilir.

Repriza əsərin əsas ideyasını — xalqın iradəsini və qalibiyyət əzmini təsdiqləyir. Burada köməkçi mövzu yoxdur, bunu da proqramlı fikirlə izah etmək olar, lakin Cahangir Cahangirov poemanın qəhrəmani obrazlarını koda da ümumiləşdirilmiş halda xorun ifasında do majorda səsləndirir və poemanı tamamlayır.

Poemanın musiqi forması əsas materialın düzgün bölünməsi və məntiqli inkişafı ilə diqqəti cəlb edir. Həmçinin vokal-simfonik poemada hərtərəfli inkişafa giriş meyil olunur. İlk növbədə materialın intonasiya, ritm və harmonik yaxınlığını qeyd etmək lazımdır. Məsələn, əsas mövzu dəyişilmiş halda kodada gedir, onun ritmi işlənmə bölməsində istifadə olunur. Girişin mövzusu dəfələrlə əsər boyu leytmotiv kimi gedir, tez-tez ikinci əksildilmiş pillə harmoniyası eşidilir.

Xalq musiqisindən istifadə Cahangir Cahangirov tərəfindən muğam elementlərindən geniş surətdə istifadə olunur. Məsələn, girişdə "Hümayun", işlənmə bölməsində "Şahnaz" muğamının dövriyyəsi, köməkçi partiyada "Rast" muğamına yaxınlıq var. Azərbaycan xalq musiqisinin təsirini orqan punktunun geniş surətdə tətbiqində, melizmlərdən, sekventli ardıcıllıqdan istifadədə, melodik əsasın variantlı inkişafında — köməkçi partiyada, kvintalı dayağın olmasında — əsas partiyada və digərlərində görmək mümkündür.

Cahangir Cahangirovun xalq-mahnı əsasından çəkilməməsi, doğma Azərbaycan musiqisinin ritmləri və ənənəvi çalarlarından istifadə etməsi barədə "Sovetskaya muzika" jurnalında məlumat verilmişdi.