Qurbanov Rəhman Əlisgəndər oğlu () — neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə sabiq vitse-prezident (2010–2016), "Azərbaycan Respublikası əməkdar mühəndisi", "Şöhrət" ordeni laureatı, Yeni Azərbaycan Partiyasının üzvü.
Həyatı Qurbanov Rəhman Əlisgəndər oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Təhsili və karyerası 1968-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası) "Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi" ixtisası üzrə bitirmişdir. 1968–1986-cı illərdə "Xəzərdənizneft" Birliyinin Serebrovski adına (indiki "Qum adası") neft və qazçıxarma idarəsində müxtəlif vəzifələrdə (usta, şöbə rəisi, sex rəisi, baş mühəndis) işləmişdir. 1986–1994-cü illərdə "Xəzərdənizneftqazsənaye" İB-nin "Qum adası" neft və qazçıxarma idarəsinin rəisi, 1994–2003-cü illər ərzində ARDNŞ-nin "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliyinin baş direktoru, 2006–2010-cu illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini, Neft və qaz İdarəsinin rəisi, 2010–2016-cı illərdə isə SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. Texnika elmləri namizədidir. 6 monoqrafiya, onlarla elmi məqalə, patent və ixtiranın müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təltifləri 1986-cı ildə "Xalqlar dostluğu" ordeni ilə təltif edilmiş, 1988-ci ildə "Azərbaycan neft və qaz sənayesinin əməkdar işçisi" fəxri adına layiq görülmüşdür. Müstəqillik illərində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Azərbaycan Respublikası əməkdar mühəndisi" adına layiq görülmüş və 19.09.2012-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri Kateqoriya:SOCAR-ın vitse-prezidentləri