Altay Tofiq oğlu Həsənov () — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Katibliyinin rəisi (2017-ci ildən), Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti (2002-ci ildən), 1-ci dərəcə dövlət müşaviri.

Həyat və fəaliyyəti Altay Tofiq oğlu Həsənov 1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.

1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib. 1983–1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib. 1984–1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib. 1986–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olub. 1989-cu ildə "Xəzər" jurnalının nəşriyyat kollegiyasında işləyib 1990–2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2002-ci ildən etibarən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.

Bədii gimnastika üzrə Dünya Kuboku mərhələləri (2003, 2004 və 2005-ci illərdə), həmçinin Dünya Çempionatı (2005-ci il) və Avropa Çempionatlarının keçirilməsi üzrə yaradılmış (2007, 2009, 2014-cü illərdə) Yerli Təşkilat Komitələrinin vitse-prezidenti vəzifəsini icra edib. Bundan əlavə, 2014-cü ilin Avropa Çempionatında bilavasitə yarışlar zamanı Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Altay Həsənova 22 iyun 2009-cu ildə inzibati vəzifələrin birinci təsnifatı üzrə 3-cü dərəcə dövlət müşaviri, 18 iyun 2012-ci ildə 2-ci dərəcə dövlət müşaviri, 19 iyun 2017-ci ildə isə inzibati vəzifələrin ali təsnifatı üzrə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.

Ailəsi Ailəlidir, bir qızı, üç nəvəsi var.

Mükafatları 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda əldə olunan nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

4 fevral 2021-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər