Fikrət Fərrux oğlu Məmmədov () — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycan Respublikasının ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri.

Həyatı Fikrət Fərrux oğlu Məmmədov 1 iyul 1955-ci ildə Bakıda anadan olmuşdur. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini, 1988-ci ildə Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir.

Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir.

Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir.

I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

2024-cü il fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə edilib. Daha sonra prezidenti İlham Əliyev Fikrət Məmmədovu Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib. Fevralın 23-də Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Ailəlidir, 4 övladı var.

Təltifləri "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 21 noyabr 2008 "Şöhrət" ordeni — 30 iyun 2005 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20 noyabr 2018 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 30 iyun 2015 "Şərəf" ordeni — 30 iyun 2025 "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)" yubiley medalı — 2025

Fikrət Məmmədov həmçinin beynəlxalq təşkilatların və xarici dövlətlərin medallarına və digər mükafatlarına layiq görülmüşdür.

Həmçinin bax Azərbaycan ədliyyə nazirlərinin siyahısı

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının ədliyyə nazirləri Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvləri Kateqoriya:Azərbaycanın baş prokurorlarının müavinləri Kateqoriya:Sumqayıt şəhərinin prokurorları Kateqoriya:Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri Kateqoriya:Dağıstan Respublikasının əməkdar elm xadimləri Kateqoriya:Azərbaycanın ədliyyə nazirləri